Şəbnəm Tovuzlu: "Mən həcinin ulduzuyam, həyatıyam”


Şou-biznes 03 İyl 2019 18:36:00 219 0

Şəbnəm Tovuzlu: "Mən həcinin ulduzuyam, həyatıyam”

Son.az tanınmış müğənni Şəbnəm Tovuzlunun azxeber.com-a müsahibəsini təqdim edir.

- Bu günlərdə Türkiyədə konsertiniz oldu. İstərdik bir az bu haqda danışasız...

- Hər zaman demişəm ki, bir müğənnini yüksəklərə qaldıran onun fanatlarıdır, onu qəlbədən, olduğu kimi sevənlərdir. Məni Azərbaycanda sevənlər kimi, sevməyənlər də var. Rusiyada da bizim məşhurları seven çoxdur. Amma Türkiyədə hər məşhurumuz sevilmir. İndiyə kimi Türkiyədə yalnız Üzeyir konsert vermişdi, ikinci mən oldum. Mənə İğdırdan təklif gəldi dəyərləndirdim. O qədər izdiham var idi ki, düşündüm ayaq altında qalacam. Orada mühafizəçilər deyirdi ki, çox yaxına getməyin. Konsertə gələnlər gənclər idi, yaşlı nəsil yox idi. Konsert zamanı güclü yağış da yağırdı. İnanmadım ki, bu qədər anşlaq olar. Mən onlara qıymayıb, səhnədən aşağı endim. Bu bir ifaçı üçün ən böyük uğurdur. Bəzi gerizəkalı insanlar deyir ki, Şəbnəm özü yalandan bunu edib. Orada 5 mindən çox insan var idi. Mənim səhifəmdə azərbaycanlılar məni tənqid edir, ancaq şərh yazan bütün türklər məni tərifləyir.

- Dediz ki, Azərbaycanda sizi sevməyənlər var. Buna səbəb nədir?

- Mən bu yerlərə zülmlə gəlmişəm, buna görə Allah borcluyam. Danışanda deyirlər ki, sənət göstərsin. Bundan artıq nə göstərim. Muğam təhsilim var, vokal təhsilim var. Allaha şükür səhnə mədəniyyətim var. Heç birindən əskik görünüşüm yoxdur. Biz müğənniyik hər şeyi mükəmməl bilmək məcburiyyətində deyilik. Bəzən verilişlərdə mənasız suallarla adamı vurmağa çalışırlar. Ancaq artıq dövr o deyil, məni sevənlər sevməyənlərdən daha çoxdur.

- Sizin ixtisasınız tibb bacısıdır. Heç düşünmüsüz ki, tibb sahəsində davam etsəydiz, nə olardı?

- O ixtisası atamın istəyi ilə oxumuşam. İşləsəydim bu qədər uğur qazanmazdım. Tibb bacılar kimi sadə bir xanım olardım, Şəbnəm Tovuzlu olmazdım. 

- İnsanlara qarşı mehribansız. Hamıyla xoş münasibətiniz var, ancaq ən çox tənqid olunanlardansız...

- Həqiqətən də eləyəm insanlara qarşı çox səmimi və mehribanam. Amma hərdən mənə qarşı qəddar yanaşırlar. Mehriban olmaq mənim təbiətimdədir. Sənət dostlarım hərdən kənar təzyiqlərin qurbanı olub, mənə sataşırlar. Ya da görürlər ki, Şəbnəm gündəmdədir və mənə söz atmaqla gündəmə gəlmək istəyirlər. Əvvəl deyilənləri tez beynimə salıb, coşurdum. İndi isə onlara normal baxıram. Ətrafımda komandam hər şeyi başa salır. 

- Deyirlər ki, müğənnilər asan yolla pulu qazanır. Razısız bu fikirlə?

- Xeyr, razı deyiləm. Müğənni çox əziyyət çəkir. Müğənnilik sənəti çox çətin və məsuliyyətli işdir. Biz hər ay, hər həftə bir ölkəyə gedirik. Bu əziyyət deyil? El məclislərində hündürdaban ayaqqabı üstündə məclislər aparmaq da çox çətindir. Biz də çətinlik çəkirik. Kənardan hər şey elə görünür.