52 yaşlı məzun: “Övladlarıma örnək olmaq istədim”


Digərləri 03 İyl 2019 13:16:00 249 0

52 yaşlı məzun: “Övladlarıma örnək olmaq istədim”

Son.az kaspi.az-ın 52 yaşlı məzunla bağlı məqaləsini təqdim edir:

Övladının biri tələbədir, digəri də bu il ali məktəblərə qəbul üçün imtahan verir. Bu kimi atalıq qayğılarının yanında o, özü də ötən il 18 il öncə yarımçıq qoyduğu təhsilini davam etdirmək qərarına gəlib. Bu il isə 52 yaşında Azərbaycan Dövlət İqtisad Universitetindən məzun olub.

Dekanı Səbuhi Tanrıverdiyev onunla bağlı təəssüratlarını belə ifadə edib: "UNECin ən ağsaqqal tələbəsi, 52 yaşlı qiyabi tələbə, olduqca gözəl bir insan, bütün mərkəzimizin sevimlisi İqrar kişi dövlət imtahanını uğurla keçərək məzun oldu. İqrar kişi 2001-ci ildə bitirməyə bir addım qalmış universiteti yarımçıq qoymağa məcbur olmuş, bir il öncə bərpa olunaraq çoxlu sayda fərqlərini yorulmadan uğurla başa vuraraq və nəhayət dünən son nöqtəsini qoymağı bacardı. Mən zarafatla deyəndə ki, "ay İqrar kişi, neynirdin bu yaşda bu qədər əziyyət çəkib bu imtahanlara hazırlaşmağı, Qəbələdən bura bəlkə 100 dəfə gəlib-getmisən", o da dedi ki, "evdə nəvələrim böyüyəndə deməsinlər ki, babamız hansısa işi yarımçıq qoyub!" Bax belə kişidir mənim dostum İqrar!"

Bu yaşda istənilən məqsədi qarşısına qoyub reallaşdıra biləcəyini deyən 52 yaşlı məzun İqrar Əhmədov təhsili ilə bağlı söhbətləşdik.

Qeyd edək ki, İ.Əhmədov 1968-ci ildə Qəbələ rayonunun Soltannuxa kəndində anadan olub.

İqrar bəyin bu yaşda məzun olmasının əslində bir neçə səbəbi var. O, söhbətə məsələnin lap əvvəlindən başladı: "Mən ilk olaraq Maliyyə-Kredit Texnikumunda, sonra isə Texniki İnstitutda təhsil almışam. 1990-96-cı illərdə Qəbələ rayonunda Maliyyə və Vergi İdarələrində işləmişəm. 96-cı ildə iqtisadi sahədə ali təhsilim olmadığını bəhanə gətirərək məni işdən uzaqlaşdırdılar. Ali təhsilim var idi, işi görürdüm, amma ixtisasımın düz gəlmədiyini bəhanə etdilər. O vaxt hələ gənc idim, dedim ki, savadım, təhsilim var, sırf ixtisas məsələsinə görə niyə kənarda qalmalıyam? İqtisadiyyat sahəsində ali təhsil almağı qarşıma məqsəd qoydum. Beləliklə, 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə qiyabi təhsil almağa başladım. O vaxt 29 yaşım var idi. Təhsil qiyabi olduğu üçün 5 illik idi, 4 kurs oxudum, amma sonra həm ailədə maddi cəhətdən çətinliklər oldu, həm də universitetdə müəyyən ədalətsizliklər gördüm deyə, təhsili davam etdirmədim. Bir ilim qaldı. Həmin dövrdən bu yana yenə də öz istiqamətim üzrə müvafiq qurumlara və şəxslərə iş üçün müraciət etdim, amma iqtisad sahəsində ali təhsilim olmaması yenə də problem oldu. 50 yaşı keçsəm də, dedim ki, yaşım nə qədər olsa da, təhsilimi davam etdirəcəm".

Təhsil hər zaman vacibdir

Təhsil almağa ona stimul verən digər məqam isə övladlarının təhsil alması üçün maddi vəsaiti qazanmaqdır: "Bir övladım Bakı Biznes Universitetində təhsil alır, biri də 5-ci qrup üzrə imtahan verir. Dizayn fakültəsini seçib. Bu il qəbul olmaq üçün çalışır. Böyük övladımın təhsil pulunu ödəyə bilmədim deyə, təhsilində müəyyən fasilə yaranmalı oldu. Ona görə çalışıb vuruşuram. Böyük oğlum ödənişli təhsil alır, ikinci də ödənişliyə qəbul olsa, maliyyə cəhətdən mən onları çatdırmaq üçün iş tapmalıyam".

Müsahibimiz deyir ki, onun universitet təhsilini davam etdirməsinin mənəvi tərəfi də var. Bu da övladlarına nümunə olmaqdır: "Bu addımı həm də övladlarıma örnək olsun deyə atdım. Balaca oğlum təhsilə bir az səhlənkar yanaşırdı. Mən təhsili davam etdirəndən, imtahanları özümün verdiyimi görəndən sonra sanki ona bir stimul gəldi, qürrələndi. Övladlarıma nümunə olmaq istədim. Demək istədim ki, oxumaq lazımdır. Oxumaq üçün yaşın fərqi yoxdur. Təhsil hər zaman vacibdir. Mən təhsilə önəm verən, ziyalı ailədə böyümüşəm. Atam Böyük Vətən Müharibəsi veteranı və hətta 1962-ci ildə Qəbələnin ilk əməkdar müəllimi olub. Təhsilə yanaşmada ailədə gördüyümü övladlarıma ötürməyə çalışıram".

Tənəffüsə belə çıxmırdım

İ.Əhmədov deyir ki, övladları yaşda olan gənclərlə bir auditoriyanı bölüşmək, onlarla ayaqlaşmaq cəhətdən problem yaşamayıb: "Özümü qocalmış hiss etmirəm. Yorulmamışam, həvəsdən düşməmişəm. Baxmayaraq ki, 52 yaşım var, bu gün də qarşıma məqsəd qoysam, çalışıb-vuruşub istədiyimi əldə edə bilərəm. Qiyabi oxuduğum üçün gənclərlə bir ay auditoriyada oldum. Tənəffüsə belə çıxmırdım, dərslərlə məşğul olurdum, gənclərlə ünsiyyət qururdum. Məndən yaşca çox kiçik olsalar da qrup yoldaşlarımla yaxşı ünsiyyətimiz alındı. Tələbə yoldaşım olan qızları qızım, oğlanları oğlum kimi görürdüm. Qətiyyən problemimiz olmadı, əskinə, yaşca böyük şəxs kimi onlara tövsiyələr verirdim".

Auditoriyadakı müəllimlərin çoxu da ondan yaşca kiçiklər olub. Deyir ki, müəllimin yaşı önəmli deyil, əsas bacarığıdır: "Müəllimin yaşca kiçik olması mənim üçün problem deyildi. Əsas onun işinin peşəkarı olmalarıdır. Bir maraqlı məqamı da deyim. Bir müəllimimiz var idi, o, mənimlə 1997-ci ildə universitetə qəbul olan şəxslərdən idi. O vaxt paralel qruplarda təhsil alırdıq. O, oxuyub bitirib, indi universitetdə mənə dərs keçirdi (Gülür). Üstündən illər keçsə də, bir-birimizi tanıdıq".