Nigeriyalı gənclər Bakı Ali Neft Məktəbində təhsil alacaq


Digərləri 03 İyl 2019 12:31:00 195 0

Nigeriyalı gənclər Bakı Ali Neft Məktəbində təhsil alacaq

Bakı Ali Neft Məktəbinin (BANM) BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNİTAR) ilə təhsil sahəsində əməkdaşlığı nəticəsində yeddi Nigeriyalı gənc 2019-2023 tədris illəri müddətində BANM-də neft-qaz mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alacaq. Tələbələrin təhsili "Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi" layihəsi çərçivəsində BMT-nin ayırdığı təqaüdlər hesabına həyata keçirilir. Bu haqda Ali Məktəbin rektoru Elmar Qasımovun BMT-nin Təlim və Tədqiqat İnstitutunun icraçı direktoru, BMT-nin Baş katibinin müavini cənab Nixil Set və Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov ilə görüşü zamanı müzakirə olunub.

Son.az xəbər verir ki, cənab Nixil Set BANM-lə əməkdaşlıqdan məmnun olduğunu, BANM-in mühəndislik təhsili sahəsində qabaqcıl olduğunu bildirib. O qeyd edib ki, BANM-in mühəndislik sahəsindəki keyfiyyətli təhsili, yüksək səviyyəli professor-müəllim heyəti, xarici şirkətlərdəki istehsalat təcrübələri və müxtəlif təcrübə proqramları Nigeriyalı tələbələrin peşəkar mütəxəssis kimi formalaşmasında önəmli rol oynayacaq. Daha sonra Cənab Set Keniya və Tanzaniya kimi neft-qazla zəngin ölkələrə diqqəti çəkərək həmin ölkələrdən olan gənclərin BANM-də təhsil alması təşəbbüsü ilə çıxış edib və təhsil perspektivlərini Ali Məktəbin kollektivi ilə müzakirə edib.

Təşəbbüsü yüksək qiymətləndirən rektor Elmar Qasımov, dövlətin BMT-nin müxtəlif sosial layihələrini dəstəklədiyini bildirərək bu istiqamətdə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Rektor neft-qaz sahəsində Heriot-Vatt Universitetinin tədris proqramlarını tətbiq edən BANM-ın burada təhsil alan tələbələri sektorun aparıcı şirkətlərində yüksək istehsalat təcrübəsi ilə də təmin etdiyini vurğulayıb. Ali Məktəbin kampusunda yaşayış yerlərinin və idman-sağlamlıq kompleksinin xarici tələbələr üçün daha əlverişli şərait vəd etdiyini bildirən rektor, bugünki dünya standartlarına cavab verən BANM-in dünyanın istənilən ölkəsindən tələbələri qəbul etməyə hazır olduğunu deyib.

Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi cənab Vaqif Sadıqov isə layihənin BANM-in timsalında həm Azərbaycan üçün, eyni zamanda iştirakçı ölkələr də daxil olmaqla BMT-nin Təlim və Tədqiqat İnstitutu üçün böyük əhəmiyyətə malik olduğunu qeyd edib. Eyni zamanda o, Azərbaycanın gələcəkdə təhsil sahəsində xarici tələbələr üçün təqaüdlərin artırılması ideyasına diqqət çəkərək bunun strateji cəhətdən ölkə üçün vacibliyini vurğulayıb.