Qəlb xəstəlikləri üçün İlahi dərman


Digərləri 02 İyl 2019 21:55:00 311 0

Qəlb xəstəlikləri üçün İlahi dərman

Qurani-Kərim İslam Peyğəmbərinin (s) böyük möcüzəsi və bəşəri hidayət edən kitabdır. Quran özünü bu cür tanıdır: "Ey (tarix boyu gələn bütün) insanlar, şübhəsiz, Rəbbiniz tərəfindən sizin üçün bir öyüd-nəsihət (başdan-başa öyüd-nəsihət olan bir kitab), sinələrdə olan (xarab əqidələr və rəzil sifətlər) üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir". ("Yunus" 57).

Quranın çox sayda bərəkət və təsiri vardır. Həqiqətdə Xaliqlə xəlq arasında rabitə yaradar. Quran bütün insanlara şamil olar. Yuxarıdakı ayədə Quranın dörd xüsusiyyəti bəyan edilmişdir:

1. Qəflət yuxusuna getmiş bəndələri oyatmaq üçün nəsihətdir. Onları səadət yoluna hidayət edər.

2. Sinələrdə olan dərdlərin dərmanıdır. Qəlbləri çirkinliklərdən pak edər. Xəstəlikləri aradan aparar.

3. İnsanı təkamülə tərəf hidayət etdirər.

4. Layiqli insanlar üçün İlahi rəhmətdir. İnsan bilməlidir ki, bütün nemətlər Allah tərəfindəndir. Quranın kölgəsi bu insanlara şamil olar.

İmam Əli (ə) buyurur: "Qurandan xəstəlikləriniz üçün şəfa istəyin. Çətinliklərinizin həll olması üçün ondan yardım istəyin. Quranda ən böyük dərdlərin şəfası vardır. Bu dərd küfr, nifaq, zəlalət və yolunu azmaqdır".

"Biz, Qur'andan möminlər üçün (mənəvi və ictimai xəstəliklərə) şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara (ruhi və ictimai) ziyandan başqa bir şey artırmır". ("İsra" 82).

Cismi xəstəliklərimiz kimi, ruhi xəstəliklərimiz də vardır. Quran da buyurur ki, insanların arasında qəlbi xəstə olanlar vardır. "Əlbəttə, əgər münafiqlər və qəlblərində xəstəlik (iman zəifliyi və ya günah sevgisi) olanlar və camaatı iztiraba düçar etmək üçün şəhərdə şayiə yayanlar". ("Əhzab" 60).