Naxçıvan Qarnizonunda qadın hərbi qulluqçuların da cəlb edildiyi kursların buraxılış mərasimi keçirilib (VİDEO)


Digərləri 01 İyl 2019 20:13:58 205 0

Naxçıvan Qarnizonunda qadın hərbi qulluqçuların da cəlb edildiyi kursların buraxılış mərasimi keçirilib (VİDEO)

Naxçıvan Qarnizonunda qadın hərbi qulluqçuların da cəlb edildiyi növbəti kursların uğurla başa çatması münasibəti ilə buraxılış mərasimi keçirilib.

Bakı. Naxçıvan Qarnizonunda qadın hərbi qulluqçuların da cəlb edildiyi növbəti kursların uğurla başa çatması münasibəti ilə buraxılış mərasimi keçirilib. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, buraxılış mərasimində Dövlət himni səsləndirildikdən sonra çıxış edənlər gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarını bitirən gənclərə xidmətlərində uğurlar arzulayıblar. Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran general-mayor Teymur Eyyubov bildirib ki, Vətənə sədaqətli, peşəkar hərbçi kadrların hazırlanması məqsədilə Naxçıvan Qarnizonunda müxtəlif ixtisas hazırlığı kursları təşkil olunaraq keçirilir. Bu kursları uğurla bitirən məzunlar da öz növbəsində ordu sıralarında şərəflə və məsuliyyətlə xidmət edirlər. İnanırıq ki, sertifikat almaq həyəcanı ilə sırada dayanan məzunlarımız da kurslarda əldə etdikləri nailiyyətlərlə kifayətlənməyəcək, bilik və bacarıqlarını daha da təkmilləşdirərək ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır olacaqlar. Təbrik oxunduqdan sonra kursları müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerdə başa vuran məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Bütün məzunlara sertifikatlar təqdim edildikdən sonra nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.