Gömrük işi sahəsində Azərbaycan-Türkiyə birgə təliminin iştirakçıları Naxçıvanda olublar (FOTO)


Digərləri 01 İyl 2019 19:44:00 212 0

Gömrük işi sahəsində Azərbaycan-Türkiyə birgə təliminin iştirakçıları Naxçıvanda olublar (FOTO)

Qonaqlar Naxçıvanın bir sıra tarixi-mədəni abidələrində və muzeylərində olublar.

Bakı. Amerika Birləşmiş Ştatlarının Dövlət İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində Azərbaycan və Türkiyə gömrük xidməti əməkdaşlarının birgə təlimində iştirak etmək üçün muxtar respublikamıza gələn qonaqlar Naxçıvanın bir sıra tarixi-mədəni abidələrində və muzeylərində olublar. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, əvvəlcə Heydər Əliyev Muzeyini ziyarət edən qonaqlar burada ümummilli liderimizin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxıblar. Məlumat verilib ki, muzeydə 4 min 500-dən çox eksponat var. Dahi rəhbərin mənalı ömür yolunu, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar qonaqlarda xoş təəssürat oyadıb. Naxçıvan Dövlət Xalça Muzeyinə gələn qonaqlara məlumat verilib ki, son illər muxtar respublikada xalçaçılıq sənətinin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, bu mədəni irsimizin qorunması və təbliği işinə diqqət artırılır. Hazırda muzeydə 3 mindən çox eksponat var. Naxçıvan Dövlət Xalça Muzeyinin daimi ekspozisiyasında xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, mis və saxsı qablar nümayiş etdirilir. Qonaqlar “Xan Sarayı” Dövlət Tarix-­Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində də olublar. Xan sarayında bildirilib ki, bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var. Möminə xatın türbəsi və açıq səma altında nümayiş etdirilən daş abidələr qonaqlarda böyük maraq oyadıb. Məlumat verilib ki 1186-cı ildə memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikilən Mömünə xatın türbəsi sərdabə və yerüstü hissələrdən ibarətdir. Şərq memarlığı incilərindən olan bu türbə dünyada ana və qadın şərəfinə ucaldılmış ən möhtəşəm abidələrdəndir. Açıq səma altında nümayiş etdirilən və müxtəlif dövrlərə aid olan 450 maddi-mədəniyyət nümunəsi – daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, daş fiqurlar, qəbirüstü sənduqələr qonaqlarda böyük maraq oyadıb. Təkcə Naxçıvanın deyil, ümumilikdə, Cənubi Qafqazın və Yaxın Şərqin ən qədim qalalarından biri olan Naxçıvanqala da qonaqların diqqətini cəlb edib.