Aqrar sektorun inkişafında daha bir mərhələ


Digərləri 30 İyn 2019 07:00:00 234 0

Aqrar sektorun inkişafında daha bir mərhələ

Ekspertlər deyir ki, yeni qaydalar subsidiyaya əlçatanlığı tam təmin edəcək

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bu günlərdə Prezident İlham Əliyev aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında Fərman imzalayıb. Belə ki, fərmana əsasən "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası" təsdiq edilir. Fərmanla təsdiq edilən qaydaya əsasən bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 (iki yüz) manat müəyyən edilir.

Bununla da Kənd Təsərrüfatı Nazirliyinə tapşırılır ki, "Subsidiya" informasiya sisteminin yaradılmasını və bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq subsidiyaların 2020-ci il yanvarın 1-dən etibarən verilməsini təmin etsin. Qeyd edək ki, Fərmanın 1-ci və 2-ci hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Bu fərman aqrar sahənin inkişafına hansı tövsiyələri verəcək?

İqtisadçı alim Vüqar Bayramov  deyir ki, subsidiyaların verilməsi ilə bağlı imzalanan fərman aqrar sektorun inkişafı baxımından yeni bir mərhələ kimi qiymətləndirilməlidir: "Sənəd, subsidiya mexanizmlərinin təkmilləşdirməklə yanaşı, fermerlərin subsidiyalara əlçatanlılığının təmin edilməsinə də xidmət edir. Sənədə əsasən subsidiya informasiya sistemi formalaşdırılacaq. Əvvəlki qaydalarda fermerlər il ərzində  yerli və mərkəzi icra hakimiyyət orqanlarına müraciət edirdi ki, bu da uzun proses idi. Yeni mexanizm birmənalı şəkildə imkan verəcək ki, fermerlər elektron qaydada subsidiyaların alınması ilə bağlı müraciət etsinlər. Müraciətlərə baxışlar elektron qaydada həyata keçiriləcək ki, bu da qısa müddət ərzində onların işini həllinə qovuşduracaq. Subsidiyaların verilməsi ilə bağlı agentlik tərəfindən qərar qəbul edildikdən sonra növbəti ildə fermerin müraciətində dəyişiklik olarsa, onun yenidən müraciət etməsinə ehtiyac olmayacaq. Çünki məlumatlar elektronlaşacaq. Digər vacib məqamlardan biri aqrar sektorda istehsalın  regionlar və məhsullar üzrə təşviqinə nail olunmaqdan ibarətdir. Fərmana əsasən əkin və məhsul əmsalları müəyyənləşdirilərək tətbiq ediləcək və baza qiymətinə vurularaq əkinçilik və eləcə də məhsul istehsalına əsasən subsidiyanın məbləği müəyyən ediləcək. Bu zaman məhsul istehsalı əsas faktor kimi rol oynayacaq. Burada əsas məqsəd hər hansı məhsul istehsalı üzrə ixtisaslaşan regionlarda həmin məhsulun  istehsalı ilə məşğul olan fermerlərə daha çox subsidiya verməkdir. Beləliklə, regionlarda ənənəvi və ixtisaslaşmış məhsul istehsalına imkan yaranacaq və eyni zamanda, məhsul istehsalının daxili bazara və ixrac imkanlarına uyğun olaraq təşviq edilməsinə imkan verəcək".