Azərbaycan və İsveçrənin qurumları arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb (FOTO)


Digərləri 28 İyn 2019 14:59:36 188 0

Azərbaycan və İsveçrənin qurumları arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb (FOTO)

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin və AZPROMO-nun təşkilatçılığı ilə İsveçrənin Sürix şəhərində İsveçrə-Azərbaycan biznes forumu keçirilib.

Bakı. İyunun 27-də Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin və AZPROMO-nun təşkilatçılığı ilə İsveçrənin Sürix şəhərində İsveçrə-Azərbaycan biznes forumu keçirilib. Trend-in məlumatına görə, “Cənubi Qafqaz bazarları - MDB, Yaxın Şərq və Avropaya qapıdır” mövzusunda təşkil olunan tədbirdə Azərbaycan və İsveçrə tərəfdən rəsmi şəxslərlə yanaşı, energetika, kənd təsərrüfatı, tikinti, turizm, İKT, səhiyyə, qida sənayesi və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib. Biznes forumda çıxış edən Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova və İsveçrənin İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyinin nümayəndəsi Toni More Azərbaycan-İsveçrə siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, iqtisadi-ticarət əməkdaşlığının inkişaf etdiyini vurğulayıblar. AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycan iqtisadiyyatı, ölkəmizdə sahibkarlıq sahəsində aparılan islahatlar, biznes və investisiya mühiti barədə məlumat verib, əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırıb, İsveçrə iş adamlarını Azərbaycanda yaradılmış əlverişli işgüzar şəraitdən yararlanaraq müxtəlif sahələrə investisiya yatırmağa dəvət edib. Biznes forumda İqtisadiyyat Nazırliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Nemət Nağdəliyev, “Azərtelekom” MMC-nin baş icraçı direktoru Fuad Allahverdiyev, Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova, Dövlət Turizm Agentliyinin şöbə müdiri Cəmilə Talıbzadə, “Alliance Logistics”in direktoru Natiq Heydərov, “Socar Polymer” MMC-nin baş direktorunun müavini Məmmədəli Hüseynov Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri ilə bağlı təqdimatla çıxış ediblər.