Əyləncə mərkəzlərində təhlükəsizlik nə dərəcədə təmin olunur?


Digərləri 26 İyn 2019 22:30:00 232 0

Əyləncə mərkəzlərində təhlükəsizlik nə dərəcədə təmin olunur?

Uşaqlar üçün nəzərdə tutulmuş qapalı məkanlarda yanğın mənbəyi ola biləcək vasitələrdən istifadə edilməməlidir

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu A.Cəlilov 96 ünvanında yerləşən "Megafun" əyləncə mərkəzinin 2-ci mərtəbəsində yanğın baş verib. Dəqiqləşdirilmiş məlumata görə, hadisə helium şarlarının partlaması səbəbindən yaranıb. Hadisə hazırda aidiyyəti orqanlar tərəfindən ciddi şəkildə araşdırılır və təhlükəsizlik tədbirlərinin ciddiləşdirilməsi ilə bağlı lazımi tədbirlər görülür. bu barədə Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitədən bildirilib ki, iyunun 22-də "Megafun" əyləncə mərkəzində helium şarlarının partlaması nəticəsində baş verən alışma 3-ü uşaq olmaqla 8 nəfərin xəsarət almasına səbəb olub: "Baş verən hadisənin nəticələrindən dolayı təəssüfləndiyimizi bildiririk. Komitə tərəfindən zərərçəkmiş ailələrin hər biri ilə əlaqə saxlanılıb və səhhətlərinin qənaətbəxş olduğu, ilkin tibbi yardım göstərildikdən sonra evə göndərildikləri barədə məlumat əldə edilib. Uşaqların daha çox vaxt keçirdiyi əyləncə mərkəzlərində ciddi təhlükəsizlik tədbirlərinin görülməsini zəruri hesab edirik. Valideynlərə isə uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq, onların psixo-emosional sferasını zədələməyəcək əyləncə formalarına üstünlük vermələrini, uşaqları psixikanın həssas inkişaf dövründə səs-küylü, qarışıq rəng çalarlı məkanlardan mümkün qədər uzaq tutmalarını məsləhət görürük".

Məsələnin aktuallığını nəzərə alaraq, ölkəmizdə fəaliyyət göstərən bir sıra əyləncə mərkəzləri ilə əlaqə saxlayıb, təhlükəsizlik baxımından nə kimi işlər gördüklərini öyrənməyə çalışdıq. Amma təəssüflər olsun ki, bəzi uşaq əyləncə mərkəzlərindən ya telefonu götürən olmadı, ya da götürənlər mövzu ilə bağlı danışmaq istəmədilər. Yalnız "Happyland" uşaq əyləncə mərkəzinin baş meneceri Nemət Abbasovla həmsöhbət ola bildik. 

Nemət bəy qeyd etdi ki, təhlükəsizlik onlar üçün prioritet məsələdir: "Bu sahədə 9 ildir ki, fəaliyyət göstərirəm. Normalda helium şarı partlamamalıdır. Təcrübəmizdə belə bir hal yaşanmayıb. Helium şarları havadan yüngül olur və yanmayan qazdır. Ola bilsin ki, həmin şarın içindəki helium qazı olmayıb. Çünki helium qazı olan şarın partlaması mümkünsüzdür. Bu, insanın bir qaşıq suda boğulması kimi şeydir".