ABŞda ən böyük şirin su ehtiyatlarından biri aşkar edilib


Dünya 26 İyn 2019 17:06:00 216 0

ABŞda ən böyük şirin su ehtiyatlarından biri aşkar edilib

1970-ci illərdə, Atlantik okeanı altında neft və qaz ehtiyatları axtarışları zamanı neft şirkətləri tez-tez şirin suya təsadüf ediblər. Bu tapıntılar göstərib ki, haradasa duzlu su altında şirin sulu təbəqə mövcuddur və bu təbəqə perspektivdə çox böyük içməli su mənbəyi ola bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, alimlərin torpağın altında gizlənmiş su ehtiyatlarının həcmi barədə indiyədək dəqiq məlumatı olmayıb, lakin onilliklər boyu aparılan tədqiqatlardan sonra bu sirr, nəhayət, açılıb. Məlum olub ki, şirin sulu təbəqə ABŞ-ın bütün şimal-şərq sahilboyu uzanır.

Bu kəşfi dəniz geoloqu Kloye Qustafsonun rəhbərliyi ilə bir qrup tədqiqatçı edib. Tədqiqat 2015-ci ildə başlayıb: alimlər Nyu-Cersi sahillərini və Martas-Vinyard adasını "Marcus G. Langseth" gəmisinin elektromaqnit qəbuledicisinin köməyi ilə skanlayıblar.

Şirin sudan fərqli olaraq duzlu suyun böyük elektrik keçiriciliyi şirin sulu təbəqənin xəritəsini tərtib etməyə kömək edib.

Məlum olub ki, şirin su ehtiyatları Massaçusetsdən başlayaraq Nyu-Cersiyədək uzanır, Delaver, Nyu-York, Konnektikut və Rod-Aylendi əhatə edir. Uzunluğu 350 kilometr olan rezervuarda 2,8 min kubkilometr azacıq duzlu su var. Suda duzun mövcudluğu xüsusilə yuxarıdan, okean dibinə yaxın yerdən yaxşı görünür: belə suyu istifadə etməzdən əvvəl onu şirinləşdirmək lazımdır.