4 yaşında məktəbə gedən, 18 yaşında universitet bitirən Turana FOTO


Digərləri 26 İyn 2019 05:30:00 337 0

4 yaşında məktəbə gedən, 18 yaşında universitet bitirən Turana  FOTO

Turana Tağıyeva: "Oxumaq mənim üçün yük deyil, oxumaqdan zövq alıram"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Avqust ayında 4 yaşı tamam olub, sentyabrda məktəbə gedib. 14 yaşında orta məktəbi bitirib, 18-də bakalavr təhsilini. Valideynlər, adətən, uşaqlarını 6 yaşı tamam olmamış məktəbə göndərmirlər ki, qoy uşaqlığını yaşasın, dərslər ona bu dövrünü uşaq kimi keçirməyə mane olacaq. Amma o məktəbə tez getsə də, uşaqlığını da doya-doya yaşadığını deyir.

Müsahibimiz bu il Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirən 18 yaşlı Turana Tağıyevadır.

Qeyd edək ki, T.Tağıyeva 2000-ci ildə Bakı şəhərində anadan olub. 1-9-cu siniflərdə 193 nömrəli, 10-11-ci siniflərdə isə 212 nömrəli məktəbdə təhsil alıb.

Turana ilk olaraq məktəbə tez getməsinin səbəblərindən danışdı: "Qardaşım məndən böyükdür, evdə valideynlərim onu məktəbə hazırlaşdırırdılar, mən də kənardan bütün bunları dinləyirdim və onunla bərabər məktəbə hazırlaşmış olurdum. Qardaşım və xalam oğlu məktəbə gedəndə mən də məktəbə getmək istədiyimi bildirdim. Düzdür, hələ 4 yaşım yox idi, amma artıq məktəb istəyirdim. Yaşım az olduğu üçün valideynlərim məni məktəbə göndərmək istəmirdilər. Lakin çox inad etdiyim üçün məcbur qalıb apardılar. Müəllimlə direktor məni sorğu-sual etdilər və məktəbə hazır olduğumu bildirərək, dedilər ki, xüsusi istedadlı uşaqlar üçün olan imtahanı verməliyəm, keçə bilsəm, məktəbə gedə bilərəm. İmtahanı verib birinci sinfə qəbul oldum".

"Səhərlər həvəslə oyanıb məktəbə getmişəm"

Bu gün 4 yaşlı uşaqları görəndə "doğrudan, mən o uşaqlar boyda olanda məktəbə getmişəm?" deyə sual etsə də, məktəblə bağlı yaşından dolayı hər hansı çətinliyi olmayıb: "4 yaşında uşaqlar görəndə mən buna təəccüblənirəm, hətta şok keçirirəm ki, axı, bu yaşda adam çox balaca olur. Düşünürəm ki, doğrudan, o uşaqlar boyda olanda məktəbə getmişəm? Yəni arada buna özümün də təəccübləndiyim olur (Gülür). Amma heç vaxt dərslər mənə çətin gəlməyib, məktəbdən geri qayıtmaq, həvəsimin ölməsi halı olmayıb. Həmişə səhərlər həvəslə oyanıb məktəbə getmişəm. Məktəbi çox sevirdim".

Turana görünüş baxımından sinif yoldaşlarından balaca olsa da, əqli cəhətdən heç vaxt geridə qalmadığını deyir: "Dərslərimi yaxşı oxumağa çalışmışam, hər zaman əlaçı olmuşam. Məktəblə bağlı yalnız xoş xatirələr yadımdadır. Dərslərlə bağlı heç bir çətinlik çəkmirdim".

"Uşaqlığımı doya-doya yaşamışam"

"Yaşca sinifdə hamıdan balaca olsam da, sinif nümayəndəsi idim" - deyən müsahibimiz bildirdi ki, özündən böyükləri bir araya toplamaq onun üçün heç də çətin deyilmiş: "Onlar məni özlərindən balaca deyil, yaşıd kimi görürdülər, mənə hörmətlə yanaşırdılar. Müəllimlərlə münasibətim çox yaxşı olub. Hətta bəzən müəllimlərimiz mənə "qızıl fond", "son xəbər" deyirdilər. Müəllimlərimin və sinif yoldaşlarımın sevimlisi olmuşam".

Turana 4 yaşında məktəbə getməyi ilə uşaqlığının əlindən alındığını düşünmür: "Məni heç kim məktəbə məcbur göndərməyib. Məktəbə getməyi özüm istəmişəm. Məktəblə yanaşı, rəqsə, şahmata, üzgüçülüyə də gedirdim. Ümumiyyətlə, çox hiperaktiv uşaq olmuşam. Ona görə, valideynlərim məni bu kimi məşğuliyyətlərə yönəldirdilər ki, enerjimi faydalı işlərə sərf edim. Əlavə məşğuliyyətlərlə yanaşı, dərslərimi də hazırlamağı çatdırırdım. Heç kim məni dərs oxumağa məcbur etməyib. Özümü daha yuxarı yaşlarda hiss etmirəm də. Uşaqlığımı doya-doya yaşamışam. Heç vaxt "dərsə tez getdim, uşaqlığım dərs oxumaqla keçdi" demirəm. Dünyaya bir də gəlsəm, 4 yaşımda məktəbə gedərəm (Gülür)".

"Bu, mənə 14 yaşda qismət oldu"


Xəbərə aid fotolar