Azərbaycanda qısa ətək qalmaqalı: "Avropa standartı", yoxsa seksizm?


Digərləri 25 İyn 2019 21:33:00 217 0

Azərbaycanda qısa ətək qalmaqalı: "Avropa standartı", yoxsa seksizm?

Azərbaycanda bir neçə gündür ki, avtoservis şirkətinin uniforması müzakirə olunur. Sözügedən uniforma don, qısa ətək və hündürdaban ayaqqabı və köynəkdən ibarətdir.

Adının çəkilməsini istəməyən gənc xanım iş tapmaq üçün tərcümeyi-halını işəgötürmə saytlarından birində yerləşdirib. Bundan sonra onu işə dəvət ediblər.

"Mayson Car Club" şirkəti xanıma avtomobil servisində administrator vəzifəsi təklif edib və işin şərtləri barədə elektron məktub göndərib.

Məktubda işin məlumatları qeyd olunmaqla yanaşı iş zamanı geyiləcək uniformanın modelləri də qeyd olunub.

Şəkillərdə uzunluğa görə artan altı ədəd ətək və dabanının hündürlüyünə görə sıralanan dikdaban ayaqqabı modelləri qeyd olunub. Bu modellərdən yalnız iki ən qısa ətək modeli və iki dabanı ən hündür ayaqqabının geyinilməsinə icazə verildiyi vurğulanıb.

Sosial media istifadəçilərindən bəziləri bunu işəgötürmədə seksist yanaşma - cinsi ayrı seçkilik hesab etsə də, bəziləri bunun "şirkətin adi geyim qaydaları" olduğunu deyir.

"Şirkət Avropa standartlarına uyğun işləyir"

"Mayson Car Club" şirkətinin rəhbərliyi BBC News Azərbaycancaya deyib ki, "şirkət Avropa standartlarına uyğun işləyir və iş geyimləri də konseptə uyğun seçilir".

"Şirkət Avropa standartları ilə işləyir, iş yerində bütün təhlükəsizlik tədbirləri görülüb, kameralar quraşdırılıb. Qadın müştəriləri nəzərə alaraq administrator vəzifəsinə qadın işçi elanı vermişik", - rəhbərlik söyləyib.

Şirkət nümayəndəsi deyir ki, "dövlət tərəfindən qadağa qoyulmayıbsa, bu cür işləyə bilərik".

"Necə ki, prezident deyib ki, gəlin Azərbaycanı bir yerdə irəli çəkək, biz də çalışırıq irəli çəkək", - şirkət rəsmisi deyib.

"Qadının bədəninin obyektivləşdirilməsidir"

Gender məsələləri üzrə mütəxəssis Nisə Hacıyeva deyir ki, şirkətin geyim qaydaları ətəyin uzunluğuna yox, geyimin tərzinə və ya rənginə aid olmalı idi.

O söyləyib ki, "ətəyin qısalığını qadının bədəninin obyektivləşdirilməsi" hesab edir.

"Bu, qadının bədəninin əşyalaşdırılmasıdır ki, yəni, qadın mütləq ayaqlarını göstərməlidir ki, başqalarına xoş gəlsin. Bunu "dress code" kimi qəbul etmək düzgün deyil".

Nisə Hacıyeva deyir ki, Azərbaycanda qadınlara qarşı diskriminasiya mövcuddur və bu, təkcə "ətəklə məhdudlaşmır".

"Bu işə niyə məhz qadın işçi tələb edilir? Bu işi görmək üçün niyə məhz qısa ətək geyinməlidir? Qadınların işə qəbulunda işin vəzifə öhdəliklərində gender rol oynamasa da fərq qoymaq, qadının məsələn, ailə həyatı barədə öyrənmək və s. bunlar diskriminasiyadır. "