Biləsuvarda avtomobil yolu yenidən qurulur (FOTO)


Digərləri 24 İyn 2019 13:42:42 237 0

Biləsuvarda avtomobil yolu yenidən qurulur (FOTO)

Biləsuvar rayonu, Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad yolu yenidən qurulur

Bakı. Biləsuvar rayonunun Çaylı, Bağbanlar, Aranlı və Zəhmətabad kəndlərindən keçən avtomobil yolları Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, uzunluğu 13.2 km təşkil edən yol IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir. Uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayan yol boyu qabarma və çökmələr mövcud idi, üstəlik yol geyimi dağılmış, torpaq yatağı güclü deformasiyaya uğramışdı. Bu üzdən 4 yaşayış məntəqəsinin 10 mindən çox əhalisi bəzən 10-15 dəqiqəlik məsafəni uzun müddətə qət etmək məcburiyyətində idilər. Sakinlər indi yol tikintisinin sürətindən və keyfiyyətindən xeyli razıdırlar. Layihə çərçivəsində yolun deformasiyaya uğramış hissələri yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı karxana çınqılı materialı tökülərək torpaq yatağının bərpası və qazılmış hissələrin əks-dolğusu işləri görülərək yol profilə salınır. Yolun 1-5 və 12-13-cü km-lik hissələrində torpaq yatağının genişləndirilməsi işləri görülür və ortalama 0.8 metr qaldırılaraq normativ hündürlüyə çatdırılır. Tikinti zamanı kənd sakinlərinin ürəyincə olan daha bir yenilik yolun altında mövcud suötürücü boruların bərpası, həmçinin müxtəlif diametrli yeni dəmir-beton suötürücü boruların inşasıdır. Çünki suötürücü boruların köməyi ilə yolun altından ötürülən su ilə onlar əkin sahələrini daha rahat və məhsullar xarab olmadan suvara bilir. Ümumilikdə 286 paqon-metr uzunluğunda yeni suötürücü boruların tikintisi işləri aparılır.