Azərbaycanda ilk milli toxum brendi yaradılıb


Digərləri 19 İyn 2019 14:50:36 219 0

Azərbaycanda ilk milli toxum brendi yaradılıb

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu ilk toxum mağazasını fermerlərə təqdim edib.

Bakı. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu ilk toxum mağazasını fermerlərə təqdim edib. Mağaza “ToxumArt” əmtəə nişanı altında fəaliyyət göstərir. Nazirlikdən Trend-ə verilən məlumata görə, məqsəd ölkə fermerlərini mövcud bazar qiymətlərindən daha aşağı qiymətlə, sertifikatlı, müxtəlif çeşidli, yüksək keyfiyyətli və məhsuldar toxumla təmin etməkdir. İlk toxum mağazası Xaçmaz rayonunda açılıb. Mağazanın üstünlüklərindən biri odur ki, yerləşdiyi məkan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fonduna məxsus toxum emalı zavodunun yaxınlığındadır. Beləliklə, emal olunmuş toxumların satış imkanları birbaşa tənzimlənəcək. “Dövlət - Özəl Tərəfdaşlıq” prinsipi əsasında fəaliyyətə əsaslanaraq toxumçu fermerlərin yetişdirdikləri toxumlar zavodda emal edildikdən sonra mağazada satışa çıxarılacaq. Eyni zamanda, burada Azərbaycanda və xaricdə istehsal edilmiş toxumlar və aqrotexniki qulluq vasitələri də təklif edilir. Bununla yanaşı, fermerlərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış təlimatlar və aqrotexniki qulluğa dair məlumatlar da təqdim ediləcək.