"LeBurje2019" aviasalonunun ilk günündə “Boeing” heç bir sifariş almayıb


Digərləri 19 İyn 2019 07:21:00 209 0

"LeBurje2019" aviasalonunun ilk günündə “Boeing” heç bir sifariş almayıb

Amerikanın "Boeing" konserni Paris şəhəri yaxınlığında keçirilən "Le-Burje-2019" beynəlxalq aerokosmik salonunun ilk günündə öz məhsulları üçün bircə dənə də olsun yeni sifariş ala bilməyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, konsern rəhbərliyi "Boeing 737 MAX" təyyarələrinin çoxsaylı insan tələfatı ilə nəticələnmiş iki qəzası fonunda sifarişlərin sayının azalacağına hazırlaşmışdı. Lakin aviasalonun ilk günündə bircə sifariş belə olmadı. Eyni zamanda, Amerika aviasiya istehsalçısının birbaşa rəqibi - Avropanın "Airbus" kompaniyası təkcə ilk gündə yeni sifarişlərin çatdırılması və istifadədə olan modellərin yenidən təchizatı ilə bağlı 123 müqavilə imzalayıb.

"Boeing" konserninin rəhbəri Dennis Melenberq bu il aviasiya istehsalçısının əsas hədəfinin potensial alıcıları 737 MAX təyyarələrinin uçuşuna icazə verilməsi üzərində uğurlu iş aparıldığına inandırmaq olduğunu bildirib.

Xatırladaq ki, "Ethiopian Airlines" aviakompaniyasına məxsus "Boeing 737-MAX 8" təyyarəsi martın 10-da Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. Bu, 5 ay ərzində həmin model təyyarənin iştirakı ilə baş verən ikinci aviasiya qəzası idi. 2018-ci il oktyabrın 29-da İndoneziyanın "Lion Air" aviakompaniyasına məxsus "Boeing 737 MAX" təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi.