Allah sizin hacətinizi bilir, amma istəyir ki, bəndəsi hacətini Ona desin


Digərləri 18 İyn 2019 23:20:00 245 0

Allah sizin hacətinizi bilir, amma istəyir ki, bəndəsi hacətini Ona desin

"Mənim bəndələrim səndən Mənim barəmdə soruşanda (de ki,) Mən həqiqətən, (hamıya) yaxınam, Məni çağıran zaman dua edənin duasını qəbul edirəm". ("Bəqərə" 186).

Son.az deyerler.org-a istinadən bildirir ki, bu ayə buyurur ki, Allah Təala bəndəsinin duasını eşidir və onu qəbul edir. Həmçinin duanın Allah yanındakı məqamından bəhs edir və ibadətlərin ən üstünü hesab edir. Həzrət Peyğəmbərin (s) buyurduğu kimi: "Dua - ibadətin məğzidir". Duanın fəzilətləri çoxdur və onlardan bəzisinə işarə edək:

1. Ən üstün ibadətdir. İmam Baqirdən (ə) soruşurlar ki, ən üstün ibadət hansıdır? Buyurur: "Heç bir şey Allah Təaladan hacət istəmək qədər üstün deyildir". Həzrətə (ə) sual verirlər ki, Quran oxumaq fəzilətlidir, yoxsa dua etmək? Həzrət (ə) buyurur: "Çoxlu dua etmək daha üstündür. Çünki Allah bir ayədə buyurur ki, əgər dua etməsəniz, sizə diqqət etmərəm". (Furqan" 77). İmam Sadiq (ə) buyurur:"Çoxlu dua edin, çünki müsəlman hacətinin yerinə yetməsi üçün duadan üstün vasitə tapmayacaqdır. O şeyi istəyin ki, Allah ona icazə vermişdir. Allahın dəvətinə "Ləbbeyk!" deyin ki, İlahi əzabdan nicat tapasınız".

2. Rəhmət açarıdır. Allah Təala kainatların həqiqi Malikidir və bütün məxluqların ruzisini O, verər. Nemətlərin çoxunu bəndələrinə onlar istəməmişdən əvvəl vermişdir. Ancaq Allahın İlahi xəzinəsi sonsuzdur və bəndə Allahın bu xəzinəsindən bacardığı qədər istifadə edə bilər. İmam Əli (ə) buyurur: "Bu İlahi rəhmətin açarı - duadır".

3. Yerlə göyün nurudur. Peyğəmbər (s) buyurur: "Dua yerlə göyün nurudur.".

4. Allah yanında ən sevimli əməldir. Əmirəl-möminin (ə) buyurur: "Yer üzündə Allah yanında ən sevimli əməl - duadır". Allah Öz bəndələrinə qarşı müştaqdır. Ona görə də istəyir ki, bəndələrini Onunla münacat və dua edən zaman görsün. İmam Sadiq (ə) buyurur: "Allah sizin hacətinizi bilir, amma istəyir ki, bəndəsi hacətini Ona desin".

5. Möminin silahıdır. Həzrət Peyğəmbər (s) buyurur: "Möminin silahı - duadır". Əgər mömin Allahla rabitəsini qırmasa, heç bir zaman çətinliyə və müşkülə düşməz. Bu rabitənin vasitəsi isə duadır. İmam Sadiq (ə) buyurur: "Dua nizədən daha iti və daha kəsicidir".