Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib


Digərləri 18 İyn 2019 21:22:39 205 0

Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə məktəblilər arasında “STEM plyus” bilik olimpiadası keçirilib.

Bakı. Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə məktəblilər arasında “STEM plyus” bilik olimpiadası keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, STEM science (elm), technology (texnologiya), engineering (mühəndislik), math (riyaziyyat) sözlərinin baş hərflərinin birləşməsindən düzəlib. STEM şagirdlərin məktəbdə texniki fənlərdən öyrəndiklərini texnologiya və mühəndisliklə birləşdirib gündəlik həyatda tətbiqetməsidir. Yarışın sualları texniki sahə və dünya görüşü ilə əlaqəli olduğu üçün yarışma “STEM Plus” adlandırılıb. Yarışmanın təşkilində məqsəd gənclərimizin orta ixtisas təhsili zamanı əldə etdikləri bilik və bacarıqlarınının yoxlanılması və onlarda elm, texnologiya və mühəndislik sahələrinə marağın artırılmasıdır. Olimpiadanın açılışında çıxış edən universitetin rektoru, professor Andris Leitas bildirib ki, Qərbi Kaspi Universiteti məktəblilərin iştirakı ilə müxtəlif məzmunlu layihə və tədbirlər həyata keçirir. Tədrisin keyfiyyətinin və praktik yönümünün gücləndirilməsinə yönəlmiş tədbirlər, eyni zamanda, infrastruktur layihələri reallaşdıran Qərbi Kaspi Universitetində artıq iki ildir ki, mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparılır. Universitetdə bu məqsədlə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, Yüksək Texnologiyalar Parkı (Texnopark) fəaliyyət göstərir. Texnoparkda İdeya Bankı, biznes-inkubasiya mərkəzi, texnoloji transfer ofisi, mexatronika və robototexnika laboratoriyası və başqa mərkəzlər var. Texnoparkdan sərbəst istifadə imkanı yaradılıb. Belə ki, ideyası olan tələbə və şagirdlər Texnoparka müraciət edərək dəstək ala bilirlər. Texnopark orta məktəb şagirdlərini müntəzəm olaraq müxtəlif layihələrə, praktik çalışmalara cəlb edir və onlarda mühəndislik sahələrinə olan marağı artırmaq, eləcə də bacarıq və qabiliyyətlərini inkişaf etdirmək üçün səy göstərir. “STEM Plus” yarışması da bu tədbirlərdən biridir.