Avropasayağı, yoxsa adətənənəyə uyğun?


Digərləri 16 İyn 2019 20:19:00 234 0

Avropasayağı, yoxsa adətənənəyə uyğun?

Gənclər bəzi toy adətlərimizdən imtina etmək istəyirlər, amma bunun çətin olduğunun da fərqindədirlər

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

- Ayə, bu toydur, burda neyləmək lazımdır?

- Oynamaq.

- Nətər oyanayaq ey, səs o yandan gəlir, çalğıçılar da bu tərəfdə oturub. Bu fikirlər çoxlarımızın sevə-sevə izlədiyi "Bəyin oğurlanması" filmindəndir. Yəni toyda oynamaq, əylənmək, xoş günün sevincini yaşamaq lazımdır. Amma nətər oynayasan, bir tərəfdən toy-nişan xərclərini, boş masa qalıb-qalmamasını düşünürsən, digər tərəfdən də xoş günü.

Toy adətlərimizin ağırlıq məsələsi əslində, zaman-zaman müzakirə mövzusu olur, bu mövzuda ictimai sferada aktiv olan şəxslər öz fikirlərini bildirirlər. Bəs gənclər toy adətlərimizlə bağlı nələri düşünürlər? Nələrdən imtina etmək istəyirlər, nələrdən yox?

Valideynlər gənclərin xərcini artırır

Müəllim Əfsanə Cənnətəliyevanın toy adətlərimizdə bəyənmədiyi nüanslar da var, imtina etmədiyi də: "Elçilik, nişan kimi adətləri, bu mərasimlərdə çox adamın olmasını sevmirəm. Ayrıca nişana ehtiyac görmürəm, amma nikah mərasimi xoşuma gəlir, bunun toydan ayrı olmasını istəyərəm. Toydan imtina etmərəm, qız-oğlan toyu bir yerdə olsa, daha yaxşıdır. İki dəfə toy etməyə ehtiyac yoxdur, çünki bu, daha çox xərc olar. Xına mərasimini ayrıca keçirmək də xərcdir, sadəcə bir adət kimi toyun içində olsa, yetər. Qız tərəfin oğlan evindən qızıl tələb etməsi, oğlan evinin mebellərə qarışması mənə xoş gəlmir. Yəni kimin gücü nəyə çatırsa, onu etsə, yetər. Qızıldansa, istirahətə getməyi seçərəm. Yaxud cehizin içində bir şkaf olur, onun içini görüntü üçün qab-qacaqla doldururlar. O qabları silmək də vaxt aparır, onun yerinə başqa işlər görmək olar. Ehtiyac olan şeyləri almaq bəs edər".

Əfsanə deyir ki, valideynlərlə evlənən cütlüklərin sözü üst-üstə düşməyəndə gənclər iki toy etməyə məcbur qalırlar: "Artıq bu halı çox görürük. Gənclər valideynlərin istəyi ilə adət-ənənələrə uyğun bir toy edirlər, bir də öz dostlarının, gənclərin iştirak etdiyi avropasayağı. Avropasayağı toyu nikah gününə salırlar, yaxın dostlarını dəvət edirlər, özləri üçün əylənirlər. Valideynlər bir növ gənclərin xərcini artırır (Gülür). 

Pul yazdırmaq olmamalıdır

Bank işçisi Zamiq Təhməzov deyir ki, toylarımızda ilk olaraq pul yazdırmaq adətinin yığışdırılmasının tərəfdarıdır: "Toylarda yemək-içmək tərəfi daha öndə olur, insanlar toyun əyləncə hissəsindən çox, bu tərəfinə fikir verirlər. Toyda yemək bir az zəifdirsə, bunu söz edənlər də az olmur. Fikir versək görərik ki, menyudakı yeməklər süfrəyə gəlib qurtarandan, yəni yeyib-içəndən sonra çox adam gedir, ən yaxın adamlar qalır. Bu baxımdan düşünürəm ki, toyların adət-ənənəsi dəyişməli və toya ən yaxın qohumlar dəvət olunmalıdır. Pul yazdırmaq isə olmamalıdır.

Toyda cehiz məsələsi qız evinə, qır-qızıl almaq da oğlan tərəfinə baha başa gəlir. Burda bəzən ifrata o qədər gedilir ki, düşünəndə gülməli gəlir. Bir çox hallarda toydan borc qalır, alınan qızılları elə toydan bir neçə gün sonra satmağa məcbur olurlar (Maddi durumu yaxşı olanlar istisnadır). Əgər bu, satılacaqsa, bu qədər yükün altına girmək nəyə lazım? Toy adətlərimizdə artıq xərclər çoxdur. Təəssüf ki fikirlər çox vaxt eyni olmur, ailə quran gənclərin düşüncələri valideynlərin fikirləri ilə üst-üstə düşmür. Bizim hər şeyi birdən-birə dəyişməyimiz də çətindir, çünki valideynlərin düşüncələri ilə getməyə məcburuq. Mən öz övladlarım üçün daha fərqli düşünəcəm".


Xəbərə aid fotolar