FİFA 2019: niyə qadın futbol komandalarına daha az ödəniş edilir?


Digərləri 15 İyn 2019 19:33:00 233 0

FİFA  2019: niyə qadın futbol komandalarına daha az ödəniş edilir?

Qadın futbolu bütün dünyada getdikcə daha çox populyarlaşmaqdadır. FİFA-nın bu il keçirilən Qadınlararası Dünya Çempionatını 1 milyarda yaxın insanın izləyəcəyi proqnozlaşdırılır.

Amma qadın futbolçular onlara verilən maaş və pul mükafatlarının nə üçün kişilərə verilən məbləğlərdən az olduğunu getdikcə daha çox dilə gətirirlər.

2015-ci il çempionatında qalib gəlmiş ABŞ milli komandasının üzvü Hope Solo da FİFA-da qadın və kişilərin pul mükafatları arasındakı böyük fərqin "kişi şovinizminin möhkəmlənməsinin göstəricisi olduğunu" deyib.

Bəs, bu fərq nə qədərdir?

Kişilərə qadınlardan 10 dəfə çox pul verilir

Fransada keçkiriləcək builki çempionatda qalib komandaya əvvəlki turnirlərdən iki dəfə çox, yəni 4 milyon dollar mükafat veriləcəyi gözlənir.

Digər komandalara verilən pul mükafatları 750 min dollardan başlayır və komandaların tutduqları yerlərə görə dəyişir.

FİFA qadınlar çempionatında yarışan komandalara toplam 30 milyon dollar mükafat ayırıb.

Kişilərin keçən ilki dünya çempionatında isə pul mükafatı bundan 10 dəfədən də çox - 400 milyon dollar olmuşdu.

Hər bir qadın komandasına mükafatdan başqa verilən hazırlıq xərcləri və təzminatlar da daxil toplam 800 min dollardan bir qədər çox pul ayrılıb, kişi komandalara verilən məbləğsə 1,5 milyon dollar olub.

Qadın və kişi komandalar arasındakı bu uçurum iki çempionatın gəlirləri arasındakı fərqlə izah edilsə də, FİFA rəsmiləri qadınlar arasında dünya çempionatının kişilərin çempionatından fərqləndirilməyəcəyini, çünki haqların paket şəklində satın alındığını deyir.

Oyunçular pul mükafatının hamısını ala bilirlərmi?

FIFA mükafatları komandaların oyunçulara yox, milli futbol federasiyalarına verir, onlar da həmin məbləğin nə qədərinin oyunçulara ödənəcəyini, nə qədərinin invesitiya şəklində digər sahələrə sərf ediləcəyini müəyyənləşdirilirlər.

Bu tənzimlənmə üçün, adətən, oyunçuları təmsil edən həmkarlar təşkilatları və qurumlarla razılığa gəlinir, cəmiyyətə bununla bağlı məlumat verilmir.

Avstraliyanın qadın milli komandası pul mükafatının 30 faizinin kəsilməsiylə bağlı razılığa gəlindiyini açıqlayıb.

Münasibətini öyrənməyə çalışdığımız digər komandalar bu haqda məlumat vermək istəmədilər.