Milli Meşə Proqramı təqdim edilib (FOTO)


Digərləri 14 İyn 2019 12:52:23 198 0

Milli Meşə Proqramı təqdim edilib (FOTO)

Azərbaycan Respublikasında meşələrin mühafizəsi və dayanıqlı inkişafına dair Milli Meşə Proqramının və onun Fəaliyyət Planının ilkin layihəsinin təqdimatı keçirilib.

Bakı. Azərbaycan Respublikasında meşələrin mühafizəsi və dayanıqlı inkişafına dair Milli Meşə Proqramının və onun Fəaliyyət Planının ilkin layihəsinin təqdimatı keçirilib. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat veriblər. 2020-2030-cu illəri əhatə edən Milli Meşə Proqramı (MMP) “Milli Meşə Proqramının yenilənməsi və meşə idarəetmə sisteminin müasirləşdirilməsi üçün texniki dəstək” layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin texniki dəstəyi ilə hazırlanıb. Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin və digər dövlət qurumlarının, Dünya Bankının, BMT-nin İnkişaf Proqramının əməkdaşlarının, QHT, ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən təqdimatda Milli Meşə Proqramının və onun Fəaliyyət Planının ilkin layihəsinin mahiyyəti barədə məlumat verilib, maraqlı tərəflərin fikirləri dinlənilib. Təqdimatda Ekologiya və Təbii Sərvətlər naziri, FAO-nun Azərbaycan nümayəndəliyinin rəhbəri, BMT-nin Avropa İqtisadi Komissiyasının və FAO-nun Meşə və Oduncaq bölməsinin müavini iştirak edib.