15 iyundan başlanan yol: Modern və model Azərbaycan


Digərləri 14 İyn 2019 12:09:05 231 0

15 iyundan başlanan yol: Modern və model Azərbaycan

15 iyun 1993-cü il ikinci müstəqil Azərbaycanın, müstəqil dövlətçiliyimizin tarixinə qızıl və silinməz hərflərlə həkk olundu. Bu tarixi yaradan Azərbaycan xalqı və onun böyük oğlu, tarixi şəxsiyyət Heydər Əliyev oldu.

Bakı. Elçin Mehdiyev - 15 iyun 1993-cü il ikinci müstəqil Azərbaycanın, müstəqil dövlətçiliyimizin tarixinə qızıl və silinməz hərflərlə həkk olundu. Bu tarixi yaradan Azərbaycan xalqı və onun böyük oğlu, tarixi şəxsiyyət Heydər Əliyev oldu. Bunu Trend-ə açıqlamasında millət vəkili, Bakı Dövlət Universitetinin professoru Kamilə Əliyeva deyib. Onun sözlərinə görə, məhz Azərbaycan xalqının israrlı və təkidli tələblərindən sonra ulu öndər Naxçıvandan Bakıya gəldi və Milli Məclisin sədri seçilərək Azərbaycanı qaranlıqdan aydınlığa çıxardı: "15 iyundan cəmi 9 gün sonra, 24 iyun tarixində həm də Prezident səlahiyyətlərinin icrasına başlayan böyük şəxsiyyət ikinci müstəqil Azərbaycanın yeni tarixini yazdı, yeni mərhələsini, yeni inkişaf, quruculuq dönəmini başlatdı. Ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqı böyük bəlalardan qurtuldu. Ölkəmiz parçalanmaq, bölünmək, dağılmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. 4 iyun hərbi qiyamını, ölkədəki xaosu, anarxiyanı fürsət bilib ölkənin cənubunda “Talış Muğan Respublikası”, ölkənin şimalında “Ləzgistan Respublikası” qurmaq istəyən separatçı, anti-Azərbaycan dairələrinin məkrli planlarının qarşısı alındı. Özü də məhz Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi və həmin bölgənin insanlarının qətiyyəti, Azərbaycana bağlılığı, sevgisi sayəsində bu planlar fiaskoya, məğlubiyyətə uğradıldı, onların ssenariləşdirilən arzuları birdəfəlik gözlərində qoyuldu". Millət vəkili vurğulayıb ki, ulu öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, dünyada tanınmağa başladı, imzasını imzalar içində tanıtdı. Əgər həmin ağır dövrdə Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan xalqının başına dəhşətli faciələr gələcəkdi. Lakin Heydər Əliyevin hakimiyyətə gəlməsi və həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan üzləşdiyi böyük bəlalardan qurtuldu və dövlət quruculuğu istiqamətində əhəmiyyətli işlər həyata keçirilməyə başlandı: "Həyatını daim Azərbaycana və Azərbaycan xalqına həsr edən Ulu Öndər özünün də qeyd etdiyi kimi, ömrünün qalan hissəsini də öz xalqına həsr etdi, xilaskarlıq missiyasını öz üzərinə götürdü və onu şərəflə, ləyaqətlə yerinə yetirdi. Heç təsadüfi deyil ki, bu gün bütün sahələrdə ümummilli liderin əməyi özünü göstərir. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərin həddi-hüdudu yoxdur, lakin onun fəaliyyətinin zirvəsi məhz müstəqil Azərbaycan dövlətini qurmasıdır.