Şərikinə pul “atan” keçmiş məmurun məhkəməsi başlayır


Digərləri 13 İyn 2019 12:31:00 273 0

Şərikinə pul “atan” keçmiş məmurun məhkəməsi başlayır

Ədliyyə Nazirliyinin dələduzluqda təqsirləndirilən keçmiş əməkdaşı Fərid Cəlilovun məhkəməsi başlayır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Xətai Rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru işləmiş F.Cəlilov Türkiyə vətəndaşı Elemana Necatidən birgə biznes qurmaq adı ilə 155 min manat alaraq qaytarmamaqda ittiham olunur. 

Belə ki, F.Cəlilov əcnəbi vətəndaşa təklif edib ki, dövlət qurumlarının hərraca çıxardığı avtomobilləri ucuz qiymətə alaraq baha satmaqla çoxlu qazanc əldə etsinlər. E.Necati bu təkliflə razılaşıb və F.Cəlilova 32 min manat verib. Ona verilən məumata görə, bu pula 4 avtomobil alınıb.

Daha sonra F.Cəlilov E.Necatiyə daha 7 avtomobilin hərraca çıxarıldığını deyərək əlavə pul istəyib.

Elemena Necati Türkiyədəki evini sataraq Fərid Cəlilova 123 min manat verib. Həmin vaxt F.Cəlilov şəxsiyyət vəsiqəsinin vaxtının bitdiyini deyərək pulun köməkçisi Ceyhun Qənbərovun adına göndərilməsini istəyib. E.Necati də bu qaydada pulu göndərib. 

Daha sonra isə F.Cəlilov maşın da almayıb, pulu da geri qaytarmayıb. E.Necatinin Ədliyyə Nazirliyinə şikayətindən sonra F.Cəlilov vəzifəsindən və ədliyyə sistemindən qovulub. Daha sonra Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb.