Ombudsman Aparatının əməkdaşı beynəlxalq tədbirdə iştirak edib (FOTO)


Digərləri 11 İyn 2019 13:51:00 199 0

Ombudsman Aparatının əməkdaşı beynəlxalq tədbirdə iştirak edib (FOTO)

3-7 iyun 2019-cu il tarixində İtaliyanın Venesiya şəhərində Milli İnsan Hüquqları Təsisatlarının (MİHT) növbəti Akademiyası keçirilib.

Bakı. 3-7 iyun 2019-cu il tarixində İtaliyanın Venesiya şəhərində Milli İnsan Hüquqları Təsisatlarının (MİHT) növbəti Akademiyası keçirilib. Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsi (ENNHRİ) və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) birgə təşkilatçılığı, İtaliya İnsan Hüquqları Qlobal Kampusunun (İHQK) dəstəyi ilə keçirilmiş Akademiyaya 30-a yaxın ölkədən Milli İnsan Hüquqları Təsisatlarının nümayəndələri qatılıblar. Akademiyada Azərbaycanın milli insan hüquqları təsisatı funksiyalarını icra edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə sektorunun baş məsləhətçisi Aydan Talıbova iştirak edib. Akademiyanın keçirilməsində əsas məqsəd DTİHB və ENNHRİ-nin resursları və iş təcrübələrini daha dəqiq başa düşmək, iştirakçıların təmsil etdikləri qurumların gündəlik işini Paris Prinsipləri əsasında təşkil etmək, əlaqəli siyasət və büdcələrin insan hüquqları perspektivindən təhlili də daxil olmaqla, iqtisadi və sosial hüquqları səmərəli şəkildə monitorinq etmək üçün insan hüquqları göstəriciləri və meyarları ilə çalışmaq, effektiv siyasət dəyişikliyini təbliğ edərkən və ümumi ictimaiyyət və digər hədəf auditoriyaları ilə ünsiyyət qurarkən iqtisadi və sosial hüquqların həyata keçirilməsi üçün strateji cəhətdən MİHT funksiyalarını istifadə etmək, milli insan hüquqları təsisatları arasında təcrübə mübadiləsini sadələşdirmək, insan hüquqları üzrə qanunvericilik proseslərinə tövhə vermələri üçün iştirakçıların bilik və bacarıqlarını artırmaq, eyni zamanda MİHT, DTİHB, ENNHRİ və digər beynəlxalq, regional və milli maraqlı tərəflər arasında birgə işin təşkili və inkişafı istiqamətində milli insan hüquqları təsisatları arasında inteqrasiyanı gücləndirməkdən ibarət olub. Sayca 6-cı olan Akademiyanın sessiyaları iqtisadi və sosial hüquqların müdafiəsi, təşviqi və monitorinqi, müasir və innovativ kommunikasiya vasitələri ilə bu hüquqların təbliği, MİHT-lərin gündəlik işində Paris Prinsiplərinə fokuslanmaq, eləcə də müvafiq maraqlı tərəflərlə əməkdaşlıq kimi mövzulara həsr edilib. Tədbirdə giriş nitqi ilə çıxış edən DTİHB direktorunun birinci müavini Katarzina Qardapxadze, DTİHB İnsan Hüquqları Departamentinin rəhbəri Omar Fişer, rəhbər müavini Cennifer Kroft və ODIHR nümayəndəsi Mark van Qol təmsil etdikləri qurum və Akademiya barədə təqdimat edib və iştirakçılara uğurlar arzulayıblar. Kampusun Baş katibi Manfred Novakın, ENNHRİ sədri Emili Loqanın, ENNHRİ Baş katibi Debbi Kohnerin, İqtisadi və Sosial Hüquqlar Mərkəzinin icraçı direktoru Mihir Mankadın, ATƏT-dən və müxtəlif MİHT-lərdən dəvət olunmuş digər ekspertlərin çıxışları, eləcə də mövzulara uyğun olaraq təqdimatları maraqla dinlənilib. Azərbaycan Ombudsman Aparatının nümayəndəsi təmsil etdiyi təsisatın BMT-nin Paris Prinsiplərinə uyğun olaraq fəaliyyət göstərdiyini, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununa əsasən Müvəkkilin fəaliyyəti, əhalinin müxtəlif qruplarının - uşaqların, qadınların, gənclərin, ahılların, əlilliyi olan şəxslərin, qaçqın və məcburi köçkünlərin, miqrantların, hərbi qulluqçuların, məhkumların hüquqlarının müdafiəsi sahəsində görülən işlər, bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirləri barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.