Almaniyada yaşayan azərbaycanlıların toplantısı keçirilib (FOTO)


Digərləri 10 İyn 2019 15:02:00 168 0

Almaniyada yaşayan azərbaycanlıların toplantısı keçirilib (FOTO)

Almaniya Federativ Respublikasında fəaliyyət göstərən Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyinin 12 illik hesabat toplantısı keçirilib.

Bakı. Almaniya Federativ Respublikasında fəaliyyət göstərən Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyinin 12 illik hesabat toplantısı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə təşkilatın sədri Seymur İbrahimov açıb və AATEİB-in (alman dilində VASW) hesabatını təqdim edib. Toplantıya Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, Komitə sədri Fuad Muradov və Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndələri də qatılıb. Bu ölkədə yaşayan azərbaycanlıların və onları birləşdirən diaspor təşkilatlarının fəaliyyətindən danışan Komitə sədri, eyni zamanda Azərbaycanın dövlətçilik tarixinə nəzər salıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü diaspor siyasətinin uğurlu nəticələrindən danışıb. Toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin son bir ildəki fəaliyyətini əks etdirən videohesabat təqdim olunub və irihəcmli layihələr barədə məlumat verilib. Almaniya Azərbaycanlıları Koordinasiya Şurası İdarə Heyətinin sədri Yaşar Musayev Almaniyada yaşayan azərbaycanlıların təşkilatlanması, yaşadıqları cəmiyyətə inteqrasiya olunması və digər mühüm məsələlərlə bağlı çıxış edib. Qeyd olunub ki, AATEİB təkcə Almaniyada yaşayan azərbaycanlılar arasında körpü rolunu oynamır, eyni zamanda yerli tələbə və alimlərlə də sıx əlaqələr yaradır, elmi müzakirə platformaları təşkil edir. Bundan başqa, alman dilinə tərcümə olunan Azərbaycan filmlərinin nümayişi keçirilir. Həmçinin təşkilat Almaniya və Azərbaycan ali məktəbləri arasında yeni əlaqələrin qurulmasında da fəallıq göstərir.