On gündə 3 azyaşlıya qaraciyər köçürülüb


Digərləri 08 İyn 2019 23:25:00 221 0

On gündə 3 azyaşlıya qaraciyər köçürülüb

Azərbaycanda daha bir uşaq üzərində qaraciyər transplantasiyası əməliyyatı aparılıb.

Anadangəlmə qaraciyər çatışmazlığından əziyyət çəkən 9 yaşlı Həcər Məmmədovaya Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsində cərrah transplantoloq Mircəlal Kazıminın komandası tərəfindən qaraciyər köçürülüb.

Son.az e-tibb.az-a istinadən bildirir ki, M. Kazıminin dediyinə görə, azyaşlı uzun zaman müxtəlif xəstəxanalarda müalicə olunsa da, effekti olmayıb. Getdikcə onun qarnında maye toplanıb, sarılığı artıb: "Bizə gətiriləndə ağır qaraciyər komasında idi. Tükənmiş vəziyyətdə olan uşaq bir aya yaxın xəstəxanada müalicə olundu. Ümumi vəziyyət stabilləşdi, sonra əməliyyata hazırlandı".

Azyaşlıya atasından qaraciyər köçürülüb. Hazırda uşağın vəziyyətində müsbət dinamika müşahidə olunur.

Onun sözlərinə görə, bu, son on gündə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsində uşaqlar üzərində aparılan 3-cü qaraciyər transplantasiyası əməliyyatıdır.