"Könüllü gömrükçü" dəstəsinin üzvləri ilə görüş keçirilib (FOTO)


Digərləri 08 İyn 2019 15:29:00 222 0

"Könüllü gömrükçü" dəstəsinin üzvləri ilə görüş keçirilib (FOTO)

Dövlət Gömrük Komitəsində yeni yaradılan "Könüllü gömrükçü" dəstəsinin üzvləri ilə görüş keçirilib.

Bakı. Dövlət Gömrük Komitəsində yeni yaradılan "Könüllü gömrükçü" dəstəsinin üzvləri ilə görüş keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri və "Könüllü gömrükçü" dəstəsinin 131 üzvü iştirak edib. "Könüllü gömrükçü"lər qarşısında çıxış edən Səfər Mehdiyev Prezident İlham Əliyevin təşəbbüsü ilə son illərdə ölkədə könüllülük hərəkatının geniş vüsət aldığını bildirib, bunun da ölkə başçısının gənclərə göstərdiyi qayğının, Azərbaycan gəncliyinə olan inamının bariz nümunəsi olduğunu vurğulayıb. Komitə sədri diqqətə çatdırıb ki, gömrük sistemində könüllülük hərəkatının yaradılması gənclərin potensialından daha da səmərəli istifadə etməyə, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına, onlara peşə vərdişlərinin aşılanması və təcrübi biliklərinin artırılmasına, innovativ potensiallarının üzə çıxarılaraq dəstəklənməsinə şərait yaradacaq. Dövlətimizin gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıran Səfər Mehdiyev Ulu öndərin istər keçmiş İttifaq dönəmində, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi müddətdə gənclərin təhsil, sağlamlıq, peşə bilik və vərdişlərinə yiyələnmək məsələlərinə xüsusi diqqət yetirdiyini qeyd edib. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini bildirən Komitə sədri, Birinci vitse-prezident Mehriban Əliyevanın da dəstəyi ilə gənclərin istər dövlət, istər özəl sektorda daim irəli çəkildiyini, onlara yüksək etimad göstərildiyini və hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıb. Səfər Mehdiyev ölkəmizdə son illərdə keçirilən mötəbər tədbirlərdə könüllülərin fəal iştirakının daim yüksək qiymətləndirildiyini qeyd edib, gömrük sistemində də könüllülük hərəkatının özünü doğruldacağına, mühüm nailiyyətlərə imza atacağına əminliyini ifadə edib.