Aytən Abdullayevanın “Stokholm - sütünlar üzərində ada” adlı fərdi sərgisi (FOTO)


Digərləri 08 İyn 2019 15:12:58 199 0

Aytən Abdullayevanın “Stokholm - sütünlar üzərində ada” adlı fərdi sərgisi (FOTO)

Aytən Abdullayevanın “Stokholm - sütünlar üzərində ada” adlı fərdi sərgisi təşkil olunacaq.

Bakı. 7-12 iyun tarixlərində Art Tower qalereyasında İşveçin Azərbaycandakı Səfirliyi, "Arts Council Azerbaijan" Qeyri-Hökumət Təşkilatı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Aytən Abdullayevanın “Stokholm - sütünlar üzərində ada” adlı fərdi sərgisi təşkil olunacaq. Sahilləri Baltik dənizinin suları ilə yuylan və körpülərlə bir-birinə birləşən, on dörd ada üzərində yerləşən, ilk baxışdan al-əlvan rəngləri və sakinlərin gülərüzlüyü ilə özünə aşiq edən nağıl - şəhər! Stokholm şəhərinin adı “sütünlarla bərkidilmiş ada”, “sütünlar üzərində ada” kimi tərcümə edilir. Stokholm şəhərinin əsası 1252-ci ildə riksqraf Birqer Yarl tərəfindən qoyulmuşdur. Şəhər su sahələrinin bolluğu, qala və parkların orijinal memarlığa sahib qədim və müasir binalarla ahəngi ilə seçilir. Stokholm gəzməli və görməli yerlərlə çox zəngindir. Qamla Stan (Qədim şəhər) adlandırılan ərazi şəhərin “qəlbi” hesab edilir və burada Kral Sarayı, Stokholm kilsəsi, məşhur “kökə evlər”, Nobel Muzeyi və digər gözəl abidələr yerləşir. Şəhərin əsas “muzey arteriyası” kimi Yurgarden adasını qeyd etmək olar. Məhz burada Vikinqlər muzeyi, əfsanəvi ABBA musiqi qrupunun muzeyi, Nordiska Muzeyi, Okeanarium, Luna-park, dünyanın ilk açıq havada muzeyi olan Skansen, hər birimizi uşaqlıq illərinə aparan sevimli Karlson və Uzuncorab Pippi qəhramanlarının yaradıcısı Astrid Lindqrenin nağıllar muzeyi Yunibaken, dənizə buraxıldığı ilk gün batan, üç əsr sonra dənizin dibindən çıxarılaraq bərpa edilən əzəmətli Vasa gəmisi muzeyi yerləşir. Həmçinin şəhərin digər hissələrində yerləşən İsveç Milli Muzeyi, Karl və Olqa Milles cütlüyü tərəfidən yaradılmış bədii dövlət muzeyi və heykəltəraşlıq parkı olan Millesqardenin adını çəkməmək olmaz. İsveç Səfirliyinin dəstəyi ilə Aytən Abdullayeva bu gözəl şəhəri ziyarət edib öz təəssürat və hisslər qammasını rəsmlərində əks etdirmək şansı əldə edir. Stokholma səfər etmək və bu şəhərin bütün harmoniyasını kağıza köçürmək rəssam üçün çətin, lakin olduqca maraqlı vəzifə idi. Aytənin özünün dediyinə görə, hava limanına çatan adam bu ölkəyə хas olan qış sərinliyi lə dolğun şimal havasını hiss edir və pasport yoxlanışından keçdikdən sonra sakitcə insanların arasına qarışaraq nağıl şəhərinə tərəf tələsir. Stokholm həqiqətən çox gözəl şəhərdir. Səliqəli evciklər, yerli əhalinin mehribançılığını, şam ağacının təravətini, şirniyyat köşkünün tamını əks etdirən keşməkeşli küçələr. Heykəllər, parklar, meydanlar, dənizkənarı – hər şey özündə Stokholmun həyatını əks etdirən mozaikaya düzülür. Və “sərt” paytaxt heç də sərt təəssürat yaratmır. Əksinə, Aytənə, xaraktercə həssas xanıma, bu atmosfer o qədər güclü təsir edib ki, o bütün uzun gəzintilərdən sonra bu kolorit haqda düşünməyə davam edirdi. Onun xəyalı siluetlər, cizgilər çəkirdi, əlləri isə fırça və boyalara tərəf uzanırdı. Bu macəralı səfərin nəticəsi ilə siz onun əsərlərinə baxmaqla tanış ola bilərsiniz. Onların içərisində onun qəlbi, təbiətin və insanın yaratdığı və bizə bəxş etdiyi nemətlər qarşısında şövq və ehtiramı dayanır.