Turistlərin nəzərinə: məkan seçərkən ehtiyatlı olun!


Digərləri 07 İyn 2019 19:20:00 204 0

Turistlərin nəzərinə: məkan seçərkən ehtiyatlı olun!

Havaların istiləşməsi turizm sektorunda canlanmaya səbəb olub. Bu baxımdan, sözügedən sektorda işin təşkili məsələsi artıq aktuallaşıb. 

Maraqlıdır, görəsən turizm obyektlərində təhlükəsizlik lazımi qaydada təmin edilirmi?

Son.az bildirir ki, təhlükəsizlik sahəsi üzrə ekspert Elmar Nurəliyev redaktor.az-a açıqlamasında bildirib ki, bəzi turizm obyektlərində təhlükəsizliyin təmin edilməməsi müştərilərin həyatını təhlükəyə atır:

"İstirahət məkanlarının sahibləri gələn yerli qonaqların, o cümlədən, xarici turistlərin təhlükəsizliyinin təmin edilməsinə, xoşagəlməz halların baş verməməsinə cavabdehlik daşıyırlar. Ona görə də rəhbərlik təhlükəsizliyin təmin edilməsinə ciddi yanaşmalıdır. Çünki turizm obyektində baş verən hansısa neqativ hadisə maddi və mənəvi ziyana səbəb olur. Deməli, obyekt sahibləri müştəriyə təqdim etdiyi xidmət səviyyəsinə təhlükəsizlik məsələsini də mütləq daxil etməlidir.

Təhlükəsizlik işi ancaq qapıda dayanıb, içəri daxil olanları yoxlamaqla bitmir.

Obyektin ümumi mühafizəsi texniki təhlükəsizlik qaydaları, yanğından mühafizə sistemləri və  videonəzarət vasitələri ilə müşahidə aparmaqla həyata keçirilməlidir. Eyni zamanda, turizm obyektlərində işləyən mühafizəçilər iş, həyat təcrübəsi, psixoloji və intellektual cəhətdən hazır biri olmalıdır. Ümumilikdə turizm obyektlərində müştərilərin istirahəti üçün nəzərdə tutulan atraksionlar, su hövzələri, aquapark və kanat yollarında tam təhlükəsizliyin təmin edilməsi üçün kompleks təhlükəsizlik tədbirləri görülməlidir. Mövsüm başlamadan öncə, atraksionlara qarşı texniki baxış həyata keçirilməli və nasazlıqlar aradan qaldırılmalıdır. Su hovuzları standartlara cavab verməli, kimyəvi təmizləyici vasitələrlə təmizlənməli və nəzərdə tutulan müəyyən təhlükəsizlik qaydaları həyata keçirilməlidir.