Azərbaycanda şagirdlərin beynəlxalq qiymətləndirilməsinə başlanıldı


Digərləri 07 İyn 2019 18:35:00 219 0

Azərbaycanda şagirdlərin beynəlxalq qiymətləndirilməsinə başlanıldı

May ayının ikinci ongünlüyündən başlayaraq Azərbaycanın Təhsil İnstitutu (ARTİ) tərəfindən TİMSS 2019 (Trends in International Mathematics and Science Study) - Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının əsas mərhələsinin keçirilməsinə başlanılıb.

Son.az xəbər verir ki, İnstitutdan Trend-ə verilən məlumata görə, beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsində şagirdlər onlara ünvanlanan sual və tapşırıqları cavablandırırlar.

TİMSS həm də şagirdləri, onların valideynlərini, sinif müəllimlərini və təhsil aldıqları məktəblərin rəhbərlərini şagirdlərin evləri, məktəb təcrübələri, riyaziyyat və təbiət elmləri üzrə biliklərinin öyrənilməsi üçün təlimat kontekstləri barədə sorğunu doldurmağa dəvət edir.

Qeyd edək ki, sorğular xüsusi diqqətlə hazırlanmış çərçivə sənədinə müvafiq tərtib edilir və hər qiymətləndirmənin nəticələrinə əsasən TİMSS milli tədqiqat koordinatorları və TİMSS Sorğusu üzrə Beynəlxalq Ekspertlər Komitəsi tərəfindən daim yenilənir.

TİMSS tədqiqatının keçirilməsində başlıca məqsəd qlobal kontekstdə sistemin nailiyyət meyillərini qiymətləndirmək, təhsil siyasəti barədə məlumat toplamaq, yeni və ya yenilənmiş siyasətlərin təsirini qiymətləndirmək, aşağı göstəricisi olan sahələri dəqiqləşdirmək və kurikulum islahatına təkan vermək, eyni zamanda şagirdlərin riyaziyyat və təbiət elmləri üzrə biliklərinin nəticələri ilə yanaşı öyrətmə və öyrənmə üçün ev və məktəb kontekstləri haqqında vacib məlumatlar əldə etməkdir. Bu sorğulardan toplanan məlumatlar təhsil siyasətinin tətbiqi barədə dinamik mənzərəni əks etdirir. Sorğu nəticələri əsasında mühüm məsələlər qaldırıla bilir və təhsilin inkişafı üçün yollar təklif edilir.

Tədqiqatın əsas mərhələsində Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (International Association for the Evaluation of Educational Achievement) paytaxt da daxil olmaqla digər şəhər və rayonlarda yerləşən ümumtəhsil məktəblərindən təsadüfi seçimlə müəyyənləşdirdiyi 252 sinifdə təhsil alan təxminən 6500-ə yaxın şagirdin iştirakı nəzərdə tutulub. Tədqiqatda Azərbaycan bölməsi ilə yanaşı rus bölməsində təhsil alan 4-cü sinif şagirdləri də iştirak edir.