“Bulud hesablama” texnologiyasının üstünlükləri nədir?


Digərləri 04 İyn 2019 21:56:00 460 0

“Bulud hesablama” texnologiyasının üstünlükləri nədir?

Müasir dövr texnologiyası olan "Bulud hesablama" texnologiyasının dövlət və özəl sektor, vətəndaşlar, ümumi istifadəçilər üçün virtual məkanda informasiya resurslarının idarə edilməsi, saxlanılması və mübadiləsi baxımından çoxsaylı üstünlükləri vardır. Ən əsası isə bu, istifadəçilərin texnoloji və texniki məsələlərdən, həmçinin peşəkar mütəxəssislər saxlamaq kimi zəruri tələb və məsrəflərdən azad olmasına imkan verir.

"Bulud hesablama" texnologiyaları xidmət təchizatçılarına informasiya sistem və ehtiyatlarına, onlar vasitəsilə göstərilən elektron xidmətlərə artıq məsrəflərə getmədən, vaxt itkisinə yol vermədən, ehtiyac duyulduğu qədər texniki imkan cəlb etməyə şərait yaradır. Artıq yarım əsrdir ki, informasiya mübadiləsi sahəsində fasiləsiz olaraq innovasiyalar və yeni yanaşmalar: 1969-cu ildən hazırkı internet şəbəkəsinin sələfi sayılan "ARPANET", 1971-ci ildən "Elektron poçt", 1980-ci ildən internet və onun əsası olan TCP internet protokolu, XXI əsrin əvvəllərindən isə "bulud hesablama" texnologiyası tətbiq edilir.

"Elektron hökumət" infrastrukturunun formalaşdırılması sahəsində ölkədə aparılan fəaliyyət nəticəsində dövlət qurumlarının informasiya sistemlərindən və ehtiyatlarından istifadə genişləndirilməkdə, bu sistemlər arasında informasiya mübadiləsi təmin edilməkdə və onlar əsasında elektron xidmətlər göstərilməsi artmaqdadır. Tələbatın qarşılanması, "Elektron hökumət" infrastrukturunun inkişafı məqsədilə dövlət qurumlarının informasiya ehtiyatlarına operativ, fasiləsiz çıxışın əldə edilməsi, habelə elektron xidmətlərin yaradılmasına və göstərilməsinə tələb olunan xərclərin optimallaşdırılması zəruridir. Bu kimi amillər "Hökumət buludu"nun yaradılmasını, ölkədə dayanıqlı, təhlükəsiz və səmərəli informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulmasını və onun vasitəsilə dövlət orqanlarının informasiya sistemlərinin istismarını şərtləndirir.