“İnnovasiya Festivalı” ilə bağlı yekun mətbuat konfransı keçirilib


Digərləri 04 İyn 2019 18:29:25 203 0

“İnnovasiya Festivalı” ilə bağlı yekun mətbuat konfransı keçirilib

29 may - 4 iyun tarixlərində Azərbaycanda ilk dəfə olaraq təşkil olunan “İnnovasiya Festivalı”nın (“İnnoFest”) yekunlarına dair mətbuat konfransı keçirilib.

Bakı. 29 may - 4 iyun tarixlərində Azərbaycanda ilk dəfə olaraq təşkil olunan “İnnovasiya Festivalı”nın (“İnnoFest”) yekunlarına dair mətbuat konfransı keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, mətbuat konfransında məlumat verilib ki, “İnnovasiya Festivalı” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Gənclər və İdman, Təhsil nazirlikləri, Heydər Əliyev Mərkəzi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi və “Azercell” şirkəti ilə birgə keçirilib. “İnnoFest” çərçivəsində Azərbaycanda Beynəlxalq “Lightest” Forumu təşkil edilib. Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri ilə bərabər, xarici mütəxəssislər də iştirak ediblər. Bu layihə Avropa İttifaqı ilə Azərbaycan arasında transsərhəd elektron xidmətlərdə etibarlı tranzaksiyaların aparılması və identifikasiya məlumatının təsdiqinə, tərəfdaş ölkələrə məxsus elektron imzaların beynəlxalq səviyyədə qarşılıqlı tanınmasına xidmət edir. 29-30 may tarixlərində “Şərq Tərəfdaşlığı” ölkələrinin “Rəqəmli bazarların uyğunlaşdırılması” (HDM) təşəbbüsü çərçivəsində 4-cü “ICT innovation and startup ecosystems” istiqaməti üzrə növbəti seminar təşkil olunub. Mayın 31-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Ernst & Young” şirkətinin təşkilatçılığı ilə əsas məqsədi Avropa İttifaqının vahid rəqəmsal bazar üzrə faydalarını “Şərq Tərəfdaşlığı” ölkələrinə çatdırmaq olan “EU4 Digital proqramı”nın təqdimatı keçirilib. 30 may-1 iyun tarixlərində “fintech” və bank sənayesinin ən mühüm liderlərini bir araya gətirən “Monex Summit” keçirilib. Sammit Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi, Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankın rəsmi dəstəyi, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və “FA İnternational Trade Events” şirkətinin birgə təşkilatçılığı ilə baş tutub. 1-3 iyun tarixlərində ölkəmizdə ilk dəfə Gənclər İnternet İdarəçilik Forumu təşkil edilib. Bu tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Gənclər Fondunun və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı ilə keçirilib. 1-2 iyun tarixlərində Heydər Əliyev Mərkəzinin parkında “İnnoFest Village” təşkil olunub. “İnnoFest Village” çərçivəsində iyunun 1-də “Baku Open Cyber Cup” kiber idman turniri keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən keçirilən turnirdə “playstation” platformasında iki oyun növü “PES 2019” üzrə yarışlar olub. Birinci yerə Orxan Yusifli layiq görülüb, ikinciliyi Vüsal Vəliyev, üçüncülüyü Turqut Məmmədli əldə edib. İyunun 2-də “İnnoFest Village”də “TechFest” sərgisi təşkil edilib. Sözügedən sərgi Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Mars Academy” tərəfindən Bakıda ilk dəfə keçirilib. Sərgi çərçivəsində layihə müəllifləri təqdimatla çıxış ediblər. I yerə “Additional Electric Supply for Electric Cars”, II yerə “Invisible Energy”, III yerə isə “Click Energy” layihələri layiq görülüb.