“Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu keçirilib


Digərləri 03 İyn 2019 15:53:00 207 0

“Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu keçirilib

“İnnovasiya Festivalı” çərçivəsində 3 iyun tarixində “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu (“MAİNTECH – 2019”) keçirilib.

Bakı. “İnnovasiya Festivalı” çərçivəsində 3 iyun tarixində “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu (“MAİNTECH – 2019”) keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir nazirliyin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi və təşəbbüsü ilə təşkil olunub. Forumda dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri, habelə innovasiya ekosisteminin iştirakçıları, startapçılar və xarici ölkələrdən olan nümayəndələr iştirak edib. Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə innovasiya infrastrukturu formalaşdırılır. “Azərbaycanda yüksək texnologiyalar və sənaye parkları yaradılıb. Bu parkların rezidentləri üçün güzəştlər tətbiq edilib. İnnovasiya subyektlərinin maliyyə resurslarına çıxışını təmin etmək üçün fondlar fəaliyyət göstərir. Bu fondlar vasitəsilə innovativ layihələrə qrantlar, güzəştli kreditlər verilir. İnnovativ sahibkarlıq sürətlə inkişaf edir”. Bu sahədə müəyyən nailiyyətlərin olduğunu deyən nazir qeyd edib ki, Azərbaycanın İT şirkətləri öz məhsulları ilə xarici bazarlara çıxırlar. “Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti “HTech Invest” şirkəti “Acer” kompüterlərinin istehsalını təşkil edib. Həmçinin bir çox startaplar öz layihələri ilə qlobal bazarlara çıxmaq üçün addımlar atırlar”. R.Quluzadə innovativ inkişafı sürətləndirmək üçün nazirliyin tabeliyində İnnovasiyalar Agentliyinin yaradıldığını diqqətə çatdırıb. “Agentliyin fəaliyyətinin məqsədi ölkəmizdə ideyaların məhsula çevrilərək bazara çıxarılmasına xidmət edən dinamik innovativ sistemin qurulmasıdır. Bu çərçivədə “Made in Azerbaijan” brendi altında innovativ və texnoloji məhsul istehsalına və ixracına şərait yaratmaq əsas hədəfimizdir”.