Sahil Babayev sağlamlıq imkanları məhdud uşaqlarla və uşaq paralimpiyaçılarla görüşüb


Digərləri 01 İyn 2019 17:13:00 176 0

Sahil Babayev sağlamlıq imkanları məhdud uşaqlarla və uşaq paralimpiyaçılarla görüşüb

Sahil Babayev sosial xidmət müəssisəsində yaşayan uşaqlarla və Paralimpiya İdman Kompleksində yarışlara hazırlaşan uşaq paralimpiyaçılarla görüşüb.

Bakı. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev sosial xidmət müəssisəsində yaşayan uşaqlarla və Paralimpiya İdman Kompleksində yarışlara hazırlaşan uşaq paralimpiyaçılarla görüşüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində (Abşeron rayonu, Saray qəsəbəsi) S.Babayev buradakı uşaqlarla görüşüb, müəssisədə uşaqların yaşayış şəraiti, uşaqlara göstərilən sosial və reabilitasiya yönümlü xidmətlərlə tanış olub. Müəssisənin sosial xidmət işçiləri ilə görüşündə nazir vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti sağlamlıq imkanları məhdud uşaqları da əhatə edir. Bu kateqoriyalardan olan uşaqlara dövlətin qayğısı ildən-ilə artır. Prezidentin 15 aprel 2019-cu il tarixli Fərmanı ilə həmin uşaqlar üçün aylıq sosial müavinətin məbləği əhəmiyyətli şəkildə artırılmaqla, onlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü də təsis olunub. S.Babayev qeyd edib ki, həmçinin son illərdə dövlət başçısının tapşırığı ilə nazirliyin Uşaq Bərpa Mərkəzi müasir tələblərə uyğun qurulub, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi nəticəsində Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi istifadəyə verilib. Bu ildən etibarən nazirliyin ölkəmizin regionlarında da uşaq bərpa mərkəzləri şəbəkəsinin yaradılmasına başlanacaq. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində (hər iki müəssisədə hazırda 344 uşaq tam dövlət təminatında yaşayır) də uşaqlar üçün müasir tələblər səviyyəsində, nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb. Nazir hazırda 170-dək uşağın yaşadığı müəssisədə sağlamlıq imkanları məhdud uşaqların funksional çatışmazlıqlarının aradan qaldırılması, onların bacarıqlarının inkişaf etdirilməsi üçün aparılan reabilitasiya işlərini nəzərdən keçirib. Burada 12 reabiltasiya otağı fəaliyyət göstərir və onlarda müasir dövrdə prioritet olan yeni reabilitasiya metodları (aktiv terapiya, oyun, ünsiyyət, musiqi, rəqs və s. terapiya növləri) və hər bir uşaqla fərdi inkişaf planı əsasında işlər aparılır. Həmçinin uşaqlar muncuqlarla, plastilinlə və s. müxtəlif əl işləri hazırlayır, rəsmlər çəkir, konstruktor oyunları ilə məşğul olurlar. “Uşaq inkişaf mərkəzi” adlanan xüsusi bir bölmədə isə uşaqların dərk etmə, motor, sosial və emosional bacarıqları inkişaf etdirilir.