Mömin mötədil olarsa, İlahi imtahanlardan uğurla çıxar


Digərləri 30 May 2019 23:20:00 252 0

Mömin mötədil olarsa, İlahi imtahanlardan uğurla çıxar

İmam Əli (ə) buyurur: "Möminin nişanələrindən biri budur ki, iti görən, fərasətli və gözüaçıqdır. Mövzunu yaxşı dərk edir, insanları yaxşı tanıyır, ancaq əməl etməkdə tələsmir. Görəcəyi işi mülayimlik və mehribanlıqla edir". (Tebyan)

Yəni, mömin uzağı görən olmaldır. Ayıq olmalıdır, eyni zamanda da fərasətli olmalıdır. Hər bir işin aqibətini dərk etməli və onun haqqında düşünməlidir. Ancaq əməldə əsəbi halda iş görməməlidir. Rəftarında mülayim olmaldır.

İmam Əli (ə) başqa yerdə buyurur: "İnsan bəzən sərvət sahibi olur və bəzən də yoxsul. İnsanın əgər gəliri çoxdursa, adətən israfa düçar olur. Əgər yoxsul olursa, qəm-qüssə çəkər. Öz problemini hamının üzünə vurar. Ancaq mömin və üstün Əhli-beyt (ə) davamçıları belə deyildir. Onlar sərvət sahibi olan zaman israf etməzlər. Onlar mötədil insanlardır. İqtisadi mötədilliyə riayət edirlər. Yoxsul olan zaman da abırlarını aparmazlar. Hər kəsdən öz hacətlərini istəməzlər. İzzəti-nəfsləri icazə vermir ki, başqaları onun yoxsulluğundan xəbərdar olsun".

Həzrət (ə) bu iki misalla onu göstərmək istəmişdi ki, həqiqi mömin mötədil olmalıdır. Yəni, nə ifrat etməli və nə də təfrit etməlidir. Hər bir işdə mötədilliyi qorumaq üçün hər bir işin ifrat və təfritini tanımaq lazımdır. İnsan ağlının və dinin köməyi ilə hər bir işin mötədil nöqtəsini tapmalıdır. Ata və oğul kimi. Hər biri o birisindən asılıdır. Möminlər o kəslərdir ki, iffət, izzəti-nəfs və həyalılığın şiddətindən onu tanımayanlara sərvət sahibi kimi görünə bilərlər.

Quran buyurur: "(Sədəqələr) Allah yolunda (cihad, mallarının qarət olunması, uzunmüddətli xəstəlik və ya elm öyrənmək kimi məsələlərə) düçar olub (yaşayışlarını təmin etmək üçün) yer üzündə heç cür səfər edə bilməyən yoxsullar üçündür. Nadan onları çox iffətli (həyalı) olduqları üçün imkanlı hesab edər. Onları üzlərindən tanıyarsan, insanlardan israrla bir şey istəməzlər. Allah şübhəsiz ki, maldan xərclədiyiniz hər bir şeyi biləndir". ("Bəqərə" 273).

Ancaq bu insanlar orta həddi qoruyan insanlardır. Onların ağılları ilə yanaşı sevgi hissləri, eşqləri, məhəbbətləri, qorxuları və bu kimi vardır. Ancaq əgər bütün vaxtlarını bu sahələrdən birinə sərf edərlərsə, başqa qüvvələrin haqqını zay etmiş olarlar. Onlara qarşı təfrif etmiş olarlar. Məsələn, əgər kimsə bütün vaxtını dərs oxumağa sərf edərsə, ibadətə əhəmiyyət verməzsə, bu cür insan hətta filosof olsa belə, ruhu xilqətin əsl hədəfi olan Allahdan qafil olar. Elm - mənəvi inkişaf üçün bir müqəddimədir. İnsan çalışmalıdır ki, Allahın ona verdiyi qüvvələrdən və istedadlardan Allahı razı salmaq üçün istifadə etsin. Bu yolda orta həddi qorusun. Yəni həyatının bir hissəsini elmə, bir hissəsini ibadətə, bir hissəsini ailə üzvlərinə, bir hissəsini də halal ruzi əldə etməyə sərf etməlidir. Belə ki, heç birində ifrat və təfrit etməmək şərti ilə.

Əgər mötədilliyi həyatın əsl hədəfi qərar versək, hər bir işdə müvəffəqiyyət qazana bilərik. Belə ki, insan qazandığı gəlirə uyğun olaraq, həm ailəsinin xərcini, həm qohumlarına infaqı, həm sədəqəni ayıra bilsə, həyatda daha müvəffəq olar. Ancaq əgər qazandığı pulun hamısını infaq etsə və ailəsinin ehtiyaclarını düşünməsə, bu zaman çətinliklərlə üzləşəcəkdir. Əgər insan bu sahədə mötədil olsa, hətta bir qədər pul da toplaya biləcəkdir.