Şamaxıda püskürən vulkan ətrafındakı vəziyyət necədir?


Digərləri 30 May 2019 11:04:00 202 0

Şamaxıda püskürən vulkan ətrafındakı vəziyyət necədir?

Şamaxı rayonunda püskürən palçıq vulkanında aktivlik yoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Şamaxı Rayon Fövqəladə Hallar Komissiyasının rəis müavini Rüstəm Əliyev məlumat verib.

Onun sözlərinə görə, hadisə rayonun Məlikçobanlı və Göylər kəndlərinin sərhədində baş verib: "Vulkan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qeydiyyatındadır. Palçıq vulkanı 40 metr enində, 50 metr uzunluğunda sahəni əhatə edib. Ərazi yaşayış məntəqəsindən 600 metr kənardadır. Hadisə nəticəsində yaşayış məntəqəsi və əkin sahələrinə heç bir ziyan dəyməyib, vəziyyət tam normaldır".

Xatırladaq ki, mayın 27-də Şamaxı şəhərinin 12 km cənub-qərbində, Məlikçobanlı kəndində palçıq vulkanı püskürüb. Vulkan ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən monitorinq və müvafiq ölçmə işləriartıq aparılıb.

Monitorinqlərin nəticələrinə görə, vulkandan çıxan püskürmə məhsulları (brekçiya) 0,5 hektara qədər əraziyə yayılıb. Vulkanın krateri püskürmə məhsulları ilə örtülüb, 150 metr uzunluğunda radial çatlar əmələ gəlib. Püskürmə məhsullarının qalınlığı vulkanın mərkəzində 1 metrə yaxın, kənarlarda isə 0,2 metr təşkil edib.