Uçotda olmayan mallara görə vergilərin hesablanması


Digərləri 29 May 2019 23:42:43 225 0

Uçotda olmayan mallara görə vergilərin hesablanması

Vergi Məcəlləsinin bu ilin yanvarından qüvvəyə minmiş müddəaları iqtisadiyyatın şəffaflaşdırılması üçün geniş imkanlar yaradıb.

Bakı. Vergi Məcəlləsinin bu ilin yanvarından qüvvəyə minmiş müddəaları iqtisadiyyatın şəffaflaşdırılması, uçot sisteminin dürüstləşdirilməsi, habelə sənədsiz mal və məhsulların qeydiyyatının stimullaşdırılması üçün geniş imkanlar yaradıb. Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, amma hələ də bəzi sahibkarlar bu dəyişikliklərin yaratdığı imkanlardan istifadə etməkdə çətinlik çəkirlər. Rayonlardan birində məişət cihazları və avadanlıqlarının pərakəndə satışı ilə məşğul olan Elvin Məmmədov da belə sahibkarlardandır... On ildən çoxdur ki, topdansatış məntəqələrindən aldığı televizor, kompüter avadanlıqları, paltaryuyan maşın və digər məişət avadanlıqlarını icarəyə götürdüyü mağazada satmaqla sahibkarlıq fəaliyyəti göstərən E.Məmmədov əvvəlki illərdə aldığı məhsulların bir qismini hələ də sata bilməyib. Ona problem yaradan əsas məsələ isə həmin malların heç birinin sənədinin olmamasıdır. O, vergi nəzarəti tədbirləri zamanı sahibi olduğu mağazadakı sənədsiz mallara görə sanksiyalara məruz qala biləcəyindən ehtiyatlanır. Bəs o nə etməlidir? Vergi nəzarəti zamanı mövcud olmayan və ya əskik gələn malların nə zaman təqdim edildiyi məlum olmadıqda, vergilər hansı dövrə hesablanacaq? Vergi hüququ üzrə ekspert, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Sirac Piriyev mövzunu şərh edərkən sahibkarlar üçün mühüm əhəmiyyət daşıyan məqamlara aydınlıq gətirib. Qeyd edib ki, 2019-cu il 1 yanvar tarixinədək həyata keçirilən operativ vergi nəzarəti tədbirləri, eyni zamanda səyyar vergi yoxlamaları zamanı vergi ödəyicisinin vergi orqanındakı uçot-baza məlumatlarında olan mallarının faktiki mövcud olmaması və ya əskik gəlməsi halında vergilərin hesablanma dövrü mübahisələr yaradırdı və bir çox hallarda vergi ödəyiciləri bundan öz xeyirlərinə yararlana bilirdilər.