Komitə: Dövlət büdcəsinə ödənilən vəsaitin “rüşvət” kimi qələmə verilməsi böhtandır


Digərləri 29 May 2019 14:14:00 197 0

Komitə: Dövlət büdcəsinə ödənilən vəsaitin “rüşvət” kimi qələmə verilməsi böhtandır

Xaricdən ölkəyə minik avtomobili gətirən şəxsdən qeyri-qanuni vəsaitin alınması barədə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb

Bakı. Bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində xaricdən ölkəyə minik avtomobili gətirən şəxsdən qeyri-qanuni vəsaitin alınması barədə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, şikayətçı olduğu bildirilən şəxsin gömrük orqanına bəyan etdiyi dəyərin miqdarında şübhələr yarandığından Azərbaycan Respublikasının “Gömrük tarifi haqqında” Qanununa uyğun olaraq araşdırmalar aparılıb. Gömrük orqanının şübhələri öz təsdiqini tapdığından nəqliyyat vasitəsinin yenidən dəyərləndirilməsi həyata keçirilib və bəyannamədə müvafiq dəyişikliklər edilib. Gömrük əməliyyatları zamanı nəzərdə tutulan bütün ödənişlər isə dövlət büdcəsinə köçürülərək bu barədə həmin şəxsə qəbzlər verildiyindən hər hansı qeyri-qanuni ödəmələrdən söhbət gedə bilməz. Üstəlik vəsaitin birbaşa dövlət büdcəsinə ödənildiyi yazıda da öz əksini tapıb. Dövlət büdcəsinə ödənilən vəsaitin “rüşvət” kimi qələmə verilməsi onu deməyə əsas verir ki, yazı sifariş xarakterildir və məqsəd gömrük orqanlarına qarşı qərəz, böhtan xarakterli məlumatlar yaymaqdır.