Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd edilib (FOTO)


Digərləri 29 May 2019 13:49:59 182 0

Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd edilib (FOTO)

Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd edilib

Bakı. Azərbaycan Respublikasının İsveçrədəki Səfirliyi tərəfindən İsveçrənin paytaxtı Bern şəhərinin “Schweizerhof” mehmanxanasında Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə rəsmi qəbul keçirilib. Səfirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası və İsveçrə Konfederasiyasının dövlət himnləri səsləndikdən sonra tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn knyazlığındakı səfiri Xanım İbrahimova açıb. X.İbrahimova bu ilki Respublika Günü bayramının Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi ilə üst-üstə düşdüyünü qeyd edərək, 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatının bu bayramın əsasını təşkil etdiyini söyləyib. Azərbaycan Xalq Cümhuriyyəti barədə qonaqları məlumatlandıran səfir 1918-ci ildə xalqımızın parlaq simalarının müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika qurduqlarını bildirib. İki il ömür sürməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi, siyasi və demokratik islahatlar sahəsində bir sıra uğurlar əldə etdiyi, həmin dövr üçün kifayət qədər əlamətdar olan, müsəlman dövlətləri arasında ilk dəfə qadınlara seçki hüququnu verdiyi vurğulanıb. Ümumiyyətlə, Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik ənənələrini bərpa etdiyi və müasir Azərbaycanın formalaşması üçün yol açdığı qeyd edilib. 70 il sonra - 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyini bərpa etdiyi, lakin müstəqilliyinin ilk illərinin Azərbaycan üçün çox çətin olduğu, Sovet İttifaqının tənəzzülü nəticəsində iqtisadiyyatın çökdüyü və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün vəziyyəti daha da ağırlaşdırdığı qeyd edilib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdəbir hissəsi işğal edilib və ölkəmizdə 1 milyon insan məcburi köçkün kimi yaşamağa vadar olub. Bu təlatümlü dövrün 1993-cü ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başa çatdığı, Ulu Öndərin gənc dövlətin inkişafı üçün siyasi və iqtisadi bünövrə qurulub. Bu gün Azərbaycanın ulu öndər Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müasir, güclü və təhlükəsiz bir dövlət olub. Bu günə qədər Azərbaycan iqtisadiyyatına 260 milyard dollardan artıq investisiya qoyulub. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın 25-ci yerdə qərarlaşdığı və bunun ölkədə həyata keçirilən iqtisadi islahatların uğuruna dəlalət etdiyi bildirilib". Bakının mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin artıq bir ənənəyə çevrildiyini qeyd edən səfir X.İbrahimova, qonaqları mayın 29-da baş tutacaq UEFA Avropa Liqasının finalını izləməyə və Bakı haqqında öyrənməyə dəvət edib. Azərbaycan-İsveçrə əlaqələrinə toxunan səfir bu əlaqələrin ötən il ərzində daha da inkişaf etdiyini və bir sıra mühüm səfərlərlə yadda qaldığını söyləyib. Bu kontekstdə xüsusilə iki ölkənin Prezidentlərinin Dünya İqtisadi Forumunun Davos İllik Görüşü çərçivəsindəki görüşü qeyd edilib, iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrində inkişaf və nailiyyətlər üçün bünövrə rolu oynadığı vurğulanıb. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin bu ilki Davos səfərinin daha bir əlamətdar hadisə, Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməlinin qoyulması ilə yadda qaldığı da vurğulanıb.