"Pekin Ekspo 2019" Botanika Sərgisi çərçivəsində Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Azərbaycan milli günü keçirilib (FOTO)


Digərləri 27 May 2019 11:29:33 185 0

"Pekin Ekspo 2019" Botanika Sərgisi çərçivəsində Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Azərbaycan milli günü keçirilib (FOTO)

Çin Xalq Respublikasının paytaxtında keçirilən "Pekin Ekspo 2019" Botanika Sərgisi çərçivəsində Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Azərbaycan milli günü keçirilib.

Bakı. Çin Xalq Respublikasının paytaxtında keçirilən "Pekin Ekspo 2019" Botanika Sərgisi çərçivəsində Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Azərbaycan milli günü keçirilib. Trend-in məlumatına görə, sərginin iştirakçıları olan ölkələrin təmsilçilərinin, diplomatların, Pekin ictimaiyyətinin nümayəndələrinin qatıldıqları tədbirdə çıxış edən Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı belə bir beynəlxalq tədbirin Çində təşkil edilməsinin və Azərbaycanın Çin ilə əlaqələrə verdiyi önəmin göstəricisi kimi, bu sərgidə öz milli pavilyonu ilə iştirak etməsinin çox əlamətdar olduğunu deyib. O, hazırda Azərbaycanda təbiətin və ətraf mühitin mühafizəsi, yaşıllıqların, qoruqların və meşə massivlərinin salınması, flora və faunanın qorunması istiqamətində geniş fəaliyyətin həyata keçirildiyini, bu işlərin Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın nəzarətində olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi də ətraf mühitin mühafizəsi ilə bağlı çoxsaylı layihələr həyata keçirir. "Pekin Ekspo 2019" Botanika Sərgisi baş komissarının müavini Can İnçao Çinin Avrasiyanın mərkəzində, mühüm nəqliyyat və ticarət yollarının üzərində yerləşən Azərbaycan ilə hələ tarixi İpək Yolu dövründən dostluq münasibətlərinin yarandığını bildirib. O, sərginin dünya ictimaiyyətinin diqqətini ətraf mühitin mühafizəsinə, təbiətin qorunmasına yönəltmək məqsədi daşıdığını vurğulayaraq, Azərbaycanın da bu sərgidə iştirakının ölkəmizin bu sahədə qazandığı uğurların nümayişi ilə yanaşı, xalqımızın zəngin mədəni irisinin tanıdılması baxımından böyük əhəmiyyət kəsb etdiyini deyib. Bir aydır davam edən sərginin ən maraqlı pavilyonlarından birinin məhz Azərbaycana aid olduğunu qeyd edən Can İnçao Azərbaycanın bu sərgidə iştirakının ölkələrimiz və xalqlarımız arasında dostluğun möhkəmlənməsinə də töhfələr verdiyini vurğulayıb.