"Afad Qurbanov-90" adlı respublika elmi konfransı keçirilib (FOTO)


Digərləri 25 May 2019 16:21:27 178 0

"Afad Qurbanov-90" adlı respublika elmi konfransı keçirilib (FOTO)

Afad Qurbanovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.

Bakı. Mayın 24-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təhsil Nazirliyinin birgə təşkikatçılığı ilə görkəmli dilçi-alim, türkoloq və ictimai-siyasi xadim, elm və təhsil təşkilatçısı, müasir Azərbaycan əlifbasının müəllifi və onomastika elmi məktəbinin banisi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Afad Qurbanovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın Prezidenti Akif Əlizadə tanınmış dilçi alim, türkoloq və ictimai xadim, professor Afad Qurbanovun elmi fəaliyyətinin Respublikanın elmi ictimaiyyəti üçün kəsb etdiyi dəyəri vurğulayıb. Təhsil nazirinin müavini İdris Əliyev, Rusiya Elmlər Akademiyasının Prezidentinin müavini, akademik Taliya Xabriyeva iştirak etdiyi konfransda AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Prof. Dr. Cəfər Cəfərov, Türk Dil Qurumunun rəhbəri Prof. Dr. Gürer Gülsevin, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Azərbaycanda Atatürk Mərkəzinin müdiri akademik Nizami Cəfərov, Türk Dil Qurumunun sabiq rəhbəri, Hacəttəpə Universitetinin professoru, Sözcüluk Mərkəzinin direktoru Prof. Dr. Şükrü Halük Akalın çıxış edib. Afad (Alıfuad) Məhəmməd oğlu Qurbanov 1929-cu il yanvarın 10-da Ermənistan SSR Kalinino rayonunun Qızıl Şəfəq kəndində ziyalı ailəsində anadan olub. O, pedaqoji fəaliyyətə 16 yaşında ikən orta kənd məktəbində direktor və Azərbaycan dili müəllimi kimi başlayıb. Aspirantlıqdan Azərbaycan SSR Elmlər Akademiyasının, digər beynəlxalq akademiyaların üzvlüyünə və SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavininə qədər şərəfli bir yol keçən A.Qurbanov dilçiliyin bir sıra sahələrinin əsasını qoyub, Azərbaycan dilçiliyi, onomalogiya, ümumi dilçilik, türkoloji dilçilik, bədii mətnin linqvistik təhlilinə dair filoloji elmi məktəb yaradıb.