İslamda qadına münasibətin bəzi cəhətləri


Digərləri 23 May 2019 23:49:00 193 0

İslamda qadına münasibətin bəzi cəhətləri

Həzrət Mühəmməd Peyğəmbərin (s) yaxın qohumu və Bəni-Haşim soyunun mənsubu olan bir neçə qadın o həzrətin xeyir-duası ilə sosial status baxımından özlərindən qat-qat aşağıda duran kişilərlə ailə qurmuşdu. Məsələn, Peyğəmbər (s) öz əmisi Zübeyr ibn Əbdülmüttəlibin qızı Zübaəni öz səhabəsi Miqdad bin Əsvəd Kindiyə ərə vermişdi. Miqdad Ərəbistanın cənubundakı Həzrəmovt məntəqəsində doğulmuşdu, atasının adı Əmr idi. Bəni-Kində qəbiləsindən bir nəfəri ağır yaraladığı üçün o yerlərdən qaçıb Məkkəyə gəlmişdi. Məkkədə Əsvəd ibn Əbdi-Yəğus Zühri onu oğulluğa götürdü; bundan sonra onu Miqdad ibn Əsvəd çağırmağa başladılar. Miqdad Islamın ilk günlərində iman gətirmişdi, hətta bəzi müəlliflər onu ilk yeddi müsəlmandan biri hesab etmişlər.

Son.az deyerler.org-a istinadən bildirir ki, Peyğəmbərin hədislərindən məlum olur ki, o həzrət, Zübaəni Miqdada ərə verməyi məhz cəmiyyətdəki təbəqələşmə ilə mübarizə üsulu kimi qəbul edir və müsəlmanlara nümunə gətirirdi: "Bunu ona görə etmişəm ki, biləsiniz: Allah yanında ən hörmətliniz İslamı ən gözəl şəkildə yaşayanınzdır" (Kənzül-ümmal, 1-ci cild, səh. 78, hədis 313).

Evlilik zamanı bunun əksinə baş vermiş hadisələri də misal göstərmək olar (məsələn, Peyğəmbərin (s) oğulluğu Zeyd ilə o həzrətin bibisi qızı Zeynəb bint Cəhşin evliliyi) Məlum olduğu kimi, onlar aralarındakı sosial qeyri-bərabərliyə baxmayaraq ailə qurmuş, lakin ailə uğursuz alınmışdı. Belə ki, Zeynəb bint Cəhş ərini özünə layiq bilməyərək aşağılamağa başlamış, nəticədə bu ailənin taleyi talaqla bitmişdi. Buna görə alimlərin əksəriyəti ailə quran tərəflərin bir-birinə tay (küfüvv) olmasını məsləhət bilir. Bura sosial status, iqtisadi durum, savad və dünyagörüşü kimi amillər daxildir. Əgər gələcəkdə qeyri-bərabərliyin fəsad törətməyəcəyinə zəmanət varsa, o halda tərəflərin taylığı prinsipini pozmaq olar.

İkinci şərt

Ikinci tövsiyə qız uşaqlarının tez ərə verilməsi ilə bağlıdır. Müasir şəraitdə bu tövsiyələri birmənalı qəbul etmək çətindir. Amma qızların yalnız ailə daxilində fəaliyyət üçün tərbiyə edildikləri, cəmiyyət içində qadınların yüksək mövqe və karyeraya malik olmadıqları və heç bu barədə düşünmədikləri keçmiş dövrlərdə bu tövsiyələr tamamilə yerində səslənirdi. Halal ruzi ilə dolanan ailələrin maddi vəziyyəti bir qayda olaraq çətin olurdu. Ona görə qızı tez ərə vermək həm də onu saxlamaq yükündən xilas olmaq kimi qəbul edilirdi. Xüsusilə, qız uşaqlarının tez həddi-büluğa çatdıqları isti iqlimlərdə izdivacı yubatmaq muəyyən fəsadlara da gətirib-çıxarırdı. Vaxtında ailə qurmayan qızlar ya fizioloji cəhətdən müxtəlif xəstəliklərə düçar olur, ya da əxlaq pozğunluğuna yuvarlanırdılar.

Əlbəttə, burada yetkinlik yaşından əvvəl bağlanan nikahları təbliğ etmək fikrində deyilik.

Əvvəla, ölkəmizin iqlim şəraitinə uyğun olaraq qızlar onsuz da isti Şərq ölkələrindəki qızlara nisbətən xeyli gec yetkinləşirlər.

Ikincisi, biz dünyəvi dövlətdə yaşayırıq və ona görə ölkəmizin qanunlarına, o cümlədən, Ailə Məcəlləsindəki yaş həddinə riayət etməyə borcluyuq.