İran: Mahnı ifa edən qadın məhkəməyə çağrılıb


Dünya 23 May 2019 21:06:00 222 0

İran: Mahnı ifa edən qadın məhkəməyə çağrılıb

İranın Natanz şəhəri yaxınlığındakı bir kənddə bir qadın müğənninin mahnı ifa etməsi rəsmilərin sərt reaksiyasına səbəb olub.

Hadisə tarixi Əbyanə kəndində baş verib.

Nigar Müəzzamın ifa etdiyi mahnı internetə yüklənəndən sonra izləyicilərin diqqətini cəlb edib.

Müğənninin kəndə ailəvi şəkildə turist səfəri ilə gəldiyi deyilir. Səyahəti təşkil edən şirkətin də məsuliyyətə cəlb olunacağı bildirilib.

Ali Dini Rəhbərin yerli nümayəndəsi olayı "biyabırcı hərəkət" kimi təsvir edib. Ruhulla Əmini hadisənin Ramazan ayında baş verdiyini xüsusi qeyd edərək, hüquq-mühafizə ilə ədliyyə orqanlarını "küfrə" qarşı ölçü götürməyə səsləyib.

Natanzin qubernatoru həmçinin başqa hadisə iştirakçılarını da müəyyən etməyə səsləyib.

Yusif Hüseyni turu təşkil edən şirkətin meneceri və mahnı oxuyan qadının məhkəməyə çağrıldığını bildirib.

İran qanunvericiliyi ictimai yerdə qadınların mahnı oxumasına və rəqs etməsinə icazə vermir.

İsfahan şəhəri yaxınlığında baş verən hadisə Twitter-də müzakirələrə səbəb olub.