Ölkədə 3 mindən çox xəstə buynuz qişanın transplantasiyası əməliyyatını gözləyir


Digərləri 23 May 2019 08:04:00 280 0

Ölkədə 3 mindən çox xəstə buynuz qişanın transplantasiyası əməliyyatını gözləyir

Hazırda Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində buynuz qişanın patologiyasından əziyyət çəkən 3 mindən çox xəstə qeydiyyatdadır və onlar buynuz qişanın transplantasiyası əməliyyatını gözləyir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Oftalmologiya Mərkəzinin (MOM) şöbə müdiri, oftalmoloq-cərrah Fidan Ağayeva deyib.

O, əslində bu xəstələrin sayının daha çox olduğunu söyləyib.

F.Ağayeva qeyd edib ki, ötən ilin oktyabrından etibarən MOM-da buynuz qişanın transplantasiyası əməliyyatlarına başlanılıb: "Ötən müddətdə 40-a yaxın şəxs üzərində buynuz qişanın transplantasiyası əməliyyatı aparılıb. Əməliyyat üçün lazım olan göz buynuzu transplantı Ümumdünya Göz Bankı ilə imzalanan müqaviləyə əsasən, ölkəmizə ABŞ-dan gətirilir. Əvvəllər bu əməliyyatlar Azərbaycanda aparılmadığından, xəstələrimiz xarici ölkələrə üz tutmağa məcbur olurdular".

MOM-un cərrah-transplantoloqu Fərəh Abduləliyeva bildirib ki, transplantasiya əməliyyatı buynuz qişasının xorası, absesi nəticəsində baş verən deşilmə zamanı aparılmalıdır.