İrandan ABŞa xəbərdarlıq:


Dünya 22 May 2019 20:14:00 182 0

İrandan ABŞa xəbərdarlıq:

"Vaşinqton bölgədə gərginliyi artırmağa çalışsa, əvəzini ağır ödəyəcək". 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif CNN kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ Tehrana hörmət etmədikcə, Prezident Donald Tramp ilə müzakirə aparılmayacaq. Zərif ABŞ-ın bölgədə hərbi mövcudluğunu artıraraq təhlükəli bir oyuna başladığını diqqətə çatdırıb.

İranlı nazir ABŞ-ın "USS Abraham Linkoln" aviadaşıyıcısını Fars körfəzinə göndərməsini tənqid edib: "Bu qədər hərbi texnikanın kiçik bir bölgədə olması hadisə üçün zəmin hazırlamaq deməkdir". 

O, İranın nüvə razılaşması ilə bağlı dözümlü bir şəkildə hərəkət etdiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti İraqda fəaliyyət göstərən şəxsi heyətə İranla gərginlikdən dolayı dərhal ölkəni tərk etmək üçün təlimat verib. İran nüvə proqramı üzrə imzaladığı Əhatəli Razılaşma Müqaviləsinin bəzi öhdəliklərinin icrasını dayandırdığını rəsmi olaraq elan edib.