Fondun ƏƏSMN ilə birgə keçirdiyi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb


Digərləri 22 May 2019 15:38:21 133 0

Fondun ƏƏSMN ilə birgə keçirdiyi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Prezident İlham Əliyevin sosial islahatlar paketi: əhalinin rifahı naminə yeni inqilabi addımlar” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Bakı. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi “Prezident İlham Əliyevin sosial islahatlar paketi: əhalinin rifahı naminə yeni inqilabi addımlar” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar. Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Fondun icraçı direktoru Vüqar Səfərli, nazirliyin rəhbər vəzifəli şəxsləri, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər. Tədbir iştirakçılarını salamlayan S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial islahatlar proqramının yeni uğurlu nəticələri kimi əhalinin rifahının yaxşılaşdırılması istiqamətində yeni inqilabi addımların atıldığını vurğulayıb. Nazir bildirib ki, cari ilin ötən dövründə minimum əməkhaqqının orta hesabla 40 faiz artırılması 600 min, pensiyanın minimum məbləğinin orta hesabla 40 faiz artırılması 233 min, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılması 600 minədək vətəndaşı əhatə edib. Həmçinin 500 mindən çox məcburi köçkünün müavinəti 50 faiz artırılıb, 110 minədək tələbənin təqaüdlərində əhəmiyyətli artımlar edilib. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanı isə 800 mindən çox vətəndaşın problemli kreditlərinin həllinə, bununla onların sosial vəziyyətinin yaxşılaşmasına imkan verib. Bu və digər sosial əhəmiyyətə malik tədbirlər ümumilikdə 3 milyon insanın rifahına mühüm dəstək olub: "Prezident cənab İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimindəki çıxışı zamanı bu istiqamətdə aparılan işlərin davamlı xarakter daşıdığını, minimum əməkhaqqının, minimum pensiyanın artırılmasının gündəlikdə olduğunu bir daha vurğulayıb". Nazir, həmçinin əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə idarəçilik və əhaliyə xidmətlərin innovativ həllərin tətbiqi üzərində qurulması istiqamətində köklü islahatların aparıldığını qeyd edib. O, pensiya təyinatından başlayaraq dövlət sosial xidmətlərinin proaktiv formada təşkili işlərinə başlandıldığını, bu işlərin məcrasının genişləndiyini, yaradılan DOST Agenliyinin və ilk DOST mərkəzinin ölkəmizin sosial sahədə yeni bir uğurlu təcrübəsi olduğunu, Bakı və ölkəmizin bölgələri üzrə 31 DOST mərkəzinin qurulmasının nəzərdə tutulduğunu deyib. Sahil Babayev onu da bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 avqust 2018-ci il tarixli sərəncamı ilə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün əlavə olaraq 20 milyon manat vəsaitin ayrılması nəticəsində 2018-ci ildə həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox - 626 mənzilin təqdim edilməsinə səbəb olub. Nazir cari ildə bu kateqoriyadan olan 800-dək vətəndaşın dövlət hesabına mənzillə təmin olunacağını diqqətə çatdırıb. Qeyri-rəsmi məşğulluqla mübarizə sahəsində tədbirlərlən söz açan Sahil Babayev məqsədyönlü stimullaşdırıcı tədbirlər nəticəsində cari ilin ötən dövründə əmək müqaviləsi ilə işləyənlərin sayının 91 min nəfərə yaxın artdığını deyib. Çıxışını davam etdirən Sahil Babayev bildirib ki, bu gün nəticələri açıqlanan müsabiqə də ölkədə sosial inkişaf sahəsində əldə olunan bu irəliləyişlərin, islahatların uğurlu nəticələri barədə geniş ictimai məlumatlandırmanın təmin olunmasında peşəkar jurnalist əməyinin stimullaşdırılmasına xidmət edib. Ümumilikdə müvafiq fəaliyyət sahələrində aparılan islahatlar, görülən işlər barədə cəmiyyətin ətraflı məlumatlandırılmasında media ilə fəal əməkdaşlıq qurulub. Aidiyyəti mövzularda ictimai məlumatlandırmanın genişləndirilməsi, jurnalist peşəkarlğının artırılması, maraq və əməyinin stimullaşdırılması üçün Fondla əməkdaşlıq şəraitində fərdi jurnalist yazıları müsabiqələrinin təşkili də diqqətdə saxlanılır:"Müsbət haldır ki, KİV nümayəndələri bu müsabiqələrdə fəal iştirak edirlər. Qarşıdakı dövrdə də Fondla birgə belə müsabiqələrin keçirilməsi davam etdiriləcək".