Lisey və gimnaziyalara qəbulla bağlı müsahibə başlayıb


Digərləri 21 May 2019 15:11:00 205 0

Lisey və gimnaziyalara qəbulla bağlı müsahibə başlayıb

Lisey və gimnaziyalara qəbulla bağlı müsahibə başlayıb

Bakı. İlhamə İsabalayeva - Mayın 21-dən 2019-2020-ci tədris ilində lisey və gimnaziyaların müəyyənləşdirilmiş ərazisində yaşayan vətəndaşların övladlarının tədris digər dildə aparılan bölmələrinə I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı Müsahibə komissiyası fəaliyyətə başlayıb. Trend-in məlumatına görə, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalar, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 nömrəli Klassik Gimnaziyanın müəyyənləşdirilmiş ərazisində yaşayan vətəndaşların övladlarının tədris digər dildə aparılan bölmələrinə I sinfə qəbul üzrə müsahibə komissiyası 12 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir. Qeyd edək ki, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalar, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 nömrəli Klassik gimnaziyaya I sinfə qəbul üzrə tədris digər dildə aparılan bölmələrinə elektron ərizələrin qeydiyyatı mayın 20-də başa çatıb. Martın 13-dən mayın 20-dək davam edən proses çərçivəsində qeyd olunan ümumi təhsil müəssisələrinə 3 426 elektron sorğu yerləşdirilib. Bu sorğulardan 1 132-si təlim dili Azərbaycan dili seçildiyi üçün həmin uşaqlar lisey və gimnaziyalara müsabiqədənkənar qəbul olunublar. Lisey və gimnaziyanın ərazisində yaşayan, ancaq digər dildə tədris aparılan bölmə üzrə sorğu yerləşdirənlər isə müvafiq liseyə yerləşdirdiyi sorğusu təsdiqləndikdən sonra, uşaq şifahi nitq bacarıqlarının qiymətləndirilməsindən uğurla keçərsə, həmin liseyə qəbul edilmiş hesab ediləcək. Uşaq digər dildə tədris aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi zamanı uğur qazanmadıqda həmin lisey və gimnaziyaların yalnız Azərbaycan bölməsinə sorğu yerləşdirə bilər.