Rusiya Elmlər Akademiyasının prezidenti: "Xəzər dənizi ilə bağlı tədqiqatların aparılması önəmlidir"


Digərləri 21 May 2019 14:41:00 230 0

Rusiya Elmlər Akademiyasının prezidenti: "Xəzər dənizi ilə bağlı tədqiqatların aparılması önəmlidir"

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Rusiya Elmlər Akademiyası arasında elmi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb.

Son.az Trend-ə istinadən bildirir ki, sənəd AMEA prezidenti, akademik Akif Əlizadə ilə ölkəmizdə rəsmi səfərdə olan Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyev arasında baş tutan görüş çərçivəsində imzalanıb.

Görüşdə çıxış edən akademik Akif Əlizadə uzun illərdir AMEA ilə REA arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələrindən danışıb. O bildirib ki, REA prezidentinin Azərbaycana etdiyi bu səfər tərəflər arasında olan əlaqələrin inkişafına, gələcək əməkdaşlığa töhfə verəcək.

A.Əlizadə deyib ki, ötən dövrdə elmin müxtəlif sahələrində baş verən dəyişikliklər Rusiya Elmlər Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında imzalanan müqavilənin yenilənməsinə ehtiyac yaradıb.

Akademik Aleksandr Sergeyev gələcəkdə müxtəlif sahələr üzrə fundamental tədqiqatların genişləndirilməsi məsələsi barədə danışıb.

Onun sözlərinə görə, bu gün hər iki ölkə üçün önəmli olan, mineral resurslarla zəngin Xəzər dənizi ilə bağlı tədqiqatların aparılması önəmlidir.

A.Əlizadə isə bildirib ki, Xəzərin, onun dib çöküntülərinin, resurslarının öyrənilməsi nəzərdə tutulur: "Qafqazın Rusiya alimləri ilə birlikdə öyrənilməsi, insanların Qafqazda məskunlaşması, dənizaltı, sahil-arxeoloji tədqiqatların aparılması Rusiya və Azərbaycan alimləri üçün çox vacib istiqamət olub".

Rusiya Elmlər Akademiyasının prezidenti sazişin imzalanmasının elmin, texnologiyaların və innovasiya fəaliyyətinin inkişafı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və hər iki qurum arasında müxtəlif sahələr üzrə elmi əlaqələrin gücləndirilməsi məqsədini daşıdığını vurğulayıb.