Ombudsmanın nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib


Digərləri 21 May 2019 12:25:00 218 0

Ombudsmanın nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib

Turan Cahangirova Tatarıstan Respublikasının Kazan şəhərində keçirilmiş Ombudsmanların Koordinasiya Şurasının “Vətəndaşların əmək hüquqlarının müdafiəsi” mövzusuna həsr edilmiş iclasında iştirak edib.

Bakı. Məlum olduğu kimi, ölkə Ombudsmanı fəaliyyətə başladığı ilk günlərdən beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və möhkəmlənməsinə böyük önəm verir. Belə ki, Ombudsman təsisatı insan hüquqlarının müdafiəsi və təbliği, hüquq pozuntularının qarşısının alınması sahəsində qabaqcıl təcrübələr tətbiq edilməklə xarici Ombudsmanlarla birgə məqsədyönlü işlər görür, nəticədə təsisatların Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrin ərazilərində, həmin ölkələrin vətəndaşlarının isə ölkəmizdə hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmləri inkişaf etdirilir. Trend-in məlumatına görə, bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının sektor müdiri Turan Cahangirova Tatarıstan Respublikasının Kazan şəhərində keçirilmiş Ombudsmanların Koordinasiya Şurasının “Vətəndaşların əmək hüquqlarının müdafiəsi” mövzusuna həsr edilmiş iclasında iştirak edib. Tədbirə bir sıra dövlətlərin, o cümlədən Rusiya Federasiyasının və subyektlərinin ombudsmanları və səlahiyyətli nümayəndələri, hökumət üzvləri, insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatların nümayəndələri, bu sahədə ixtisaslaşmış elm xadimləri qatılıblar. Ombudsmanın nümayəndəsi tədbirdə məruzə ilə çıxış edərək bildirib ki, ölkəmizdə aparılan iqtisadi-sosial islahatlar, neft, son illərdə isə qeyri-neft sektorunun, kiçik və orta sahibkarlığının inkişafı, habelə regionların inkişafı üzrə Dövlət Proqramının və milli məşğulluq strategiyasının icrası nəticəsində əhalinin rifah halı əhəmiyyətli şəkildə yüksəldilib, yeni iş yerləri yaradılıb, bununla da davamlı inkişafa, insan hüquq və azadlıqlarının səmərəli təmininə zəmin yaradılıb. T.Cahangirova Müvəkkilin əhalinin müxtəlif kateqoriyalarının əmək hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirdiyi işlər barədə söhbət açaraq, bu fəaliyyətin həm də qaçqın, məcburi köçkün və miqrantların, qadınların, əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial problemlərinin həlli, onların maraqlarının təmini istiqamətində dəstək tədbirlərinin artırılmasına və bu məqsədlə tərəfdaşlığın gücləndirilməsinə xidmət etdiyini vurğulayıb. O, ölkəmizdə öz doğma torpaqlarını tərk etməyə məcbur edilərək qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyondan çox şəxsin müvəqqəti yerləşdirilməsi, həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, həmçinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verərək, təkcə 2018-ci ildə keçirilən əmək yarmarkaları nəticəsində ölkənin 141 təşkilatında 994 məcburi köçkünün iş yeri ilə təmin edildiyini bildirib.