Ziyalı, işgüzar qadınların sayı nə qədər çox olarsa...


Digərləri 20 May 2019 22:20:00 261 0

Ziyalı, işgüzar qadınların sayı nə qədər çox olarsa...

Qadın özünü idarəetmədə görürsə və müvəffəqiyyətli olacağını düşünürsə, bunun üçün hər cür şərait yaradılıb

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Azərbaycanda qadınların Milli Məclisdə və seçkili orqanların bütün səviyyələrində sayının artırılması üçün mütləq kvotanın tətbiqi təklif edilir. Trend-in məlumatına görə, bu təklif Azərbaycan Hökuməti və BMT-nin Əhali Fondunun əməkdaşlığı ilə hazırlanan cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planının layihəsində yer alıb. Layihədə mütləq kvotanın tətbiqi məsələsinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Milli Məclis tərəfindən 2021-ci ilədək nəzərdən keçirilməsi tövsiyə edilir. Hesab olunur ki, Azərbaycanda müvəqqəti mütləq kvotanın tətbiqi yolu ilə qadınların Milli Məclisdə və aşağı səviyyəli seçkili orqanlarda daha böyük sayda təmsil olunmasına dəstəyin verilməsi məsələsini nəzərdən keçirmək lazımdır. Çünki 1990-cı ilədək seçki orqanlarının üzv yerinin minimum 33 faizinin qadınlara şamil edilməsini tələb edən kvota mövcud idi. 1989-cu ildə milli parlamentdə qadınların sayı parlamentin ümumi üzvlərinin 40 faizini təşkil edirdi. 1991-ci ildə parlamentdə qadınların sayı 4,3 faizə düşdü. Sonrakı illərdə bu rəqəmin artmasına baxmayaraq, qadınların təmsilçilik faizi yenə də Avropa ölkələri ilə müqayisədə aşağıdır. Azərbaycanda məcburi kvotaların tətbiq edilməsi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitəsi (CEDAW) tərəfindən də tövsiyə edilib. Bu isə qadınları 1990-cı ildən əvvəl olduğu kimi, ayrılmış minimal saydan daha çox yerlər üçün seçkiyə qatılmaqdan məhrum etmir. Belə bir kvotanın tətbiqinin əhəmiyyəti nədir? Ümumiyyətlə, ictimai və siyasi sferada qadınların fəallığının və sayının artırılması üçün daha nələr edilməlidir?

Millət vəkili Jalə Əliyeva bildirdi ki, Azərbaycan cəmiyyətində qadınların rolu getdikcə artmaqdadır: "15-20 il əvvəlki dövrlə müqayisə etsək, görərik ki, qadınların idarəetmədə, hakimiyyətin icra orqanlarında iştirakçılığı dəfələrlə artıb. Bu da, təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Bu siyasət bu gün də uğurla davam etdirilir. Dövlət tərəfindən qadınların cəmiyyətə daha çox inteqrasiya etməsi üçün müxtəlif addımlar həyata keçirilir.  Bu gün icra başçılarının müavinləri qadınlardır. Parlamentdə deputat qadınların sayı ötən on il ərzində iki dəfəyə qədər artıb. Bələdiyyə seçkilərində təmsil olunan qadınların sayı 40 faizə çatıb. Rektor, nazir müavini olan qadınların sayı az deyil. Bütün bunlar qadınların ictimai sferada rolunun getdikcə daha da artmasından xəbər verir. Onların cəmiyyətə daha da inteqrasiyası və fəaliyyətlərinin təkmilləşdirilməsi üçün dövlət tərəfindən proqramlar və layihələr həyata keçirilir. Amma kəmiyyətdən çox,  keyfiyyətə diqqət yetirmək lazımdır. Biz qadının həyata baxışını, düşüncə tərzini unutmamalıyıq. Azərbaycan qadını ötən əsrin əvvəllərində öz azadlığı uğrunda mübarizə aparan, səsvermə hüququ qazanan qadındır. Bununla yanaşı, Azərbaycan qadınının öz ailəsinə dərin bağları var. Qadınların siyasi idarəetmədə sayının administrativ yolla artırılması, işin keyfiyyətli olacağından xəbər vermir. Qadın özünü idarəetmədə görürsə və müvəffəqiyyətli olacağını düşünürsə, bunun üçün hər bir şərait yaradılıb. Amma qadın öz ailəsinə, övladına vaxt ayırmaq istəyirsə, bu, onun öz seçimidir. Hansısa təşkilatda, yaxud idarəetmədə  qadınların sayı kəmiyyət xətrinə artırılmamalıdır. Sırf bu düşüncə ilə hərəkət etmək düzgün olmazdı. Önəmli olan, qadının  özünün nə istəməsi, özünü harada görməsidir. Kvotanın artırılması, əslində xoş niyyətli bir addımdır. Qadın olaraq mən özüm də qadınlarımızın cəmiyyətdə daha fəal olmasını istəyirəm. Amma burada keyfiyyət məsələsinə də diqqət yetirmək lazımdır".