Bitkoini yaxın 10 ildə nə gözləyir?


Digərləri 17 May 2019 23:07:00 231 0

Bitkoini yaxın 10 ildə nə gözləyir?

Ekspertlər ölkəmizdə kriptovalyutaların yaxın gələcək üçün ciddi perspektivini görmürlər

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Günlərdir ABŞ-la Çin arasında davam edən ticarət müharibəsi Bitkoinin kəskin bahalaşması ilə nəticələnib. Fins.az-ın məlumatına görə, Çində sərmayəçilər yuanı Bitkoin və digər valyutalara çevirirlər. Məlumata görə, kriptovalyutanın dəyəri son 24 saat ərzində 14 faizdən çox artaraq 8148 dollara qədər yüksəlib. Xatırladaq ki, ABŞ hökuməti mayın 11-də 300 milyard dollar məbləğində Çin mallarına qarşı rüsumu 10%-dən 25%-ə qədər qaldırıb. Çin hökumət isə ötən gün iyunun 1-dən etibarən ümumi dəyəri 60 milyard dollar olan ABŞ məhsullarına 5-25% gömrük vergisi tətbiq ediləcəyini açıqlayıb. Bundan başqa, 2493 məhsul üçün gömrük rüsumu 25% təyin olunacaq. Ümumilikdə isə yeni tariflər 5 min məhsula şamil ediləcək.

Bəs görəsən kriptovalyutaların bazardakı mövqeyi hazırda necə dəyərləndirilir? Ümumiyyətlə yaxın gələcəkdə Bitkoini nə gözləyir?

İqtisadçı-ekspert Rəşad Həsənov söyləyir ki, yaxın 10 il ərzində dünyada tədavülün əhəmiyyətli qismi kriptovalyutalar vasitəsi ilə həyata keçiriləcək: "Bu proses artıq başlayıb və gələcəkdə qaçılmaz olacaq. Blokçeyn texnologiyasının innovativ tərəflərinin müxtəlif üstünlükləri var. Sürət, tranzasiya xidmətlərinin aşağı olması valyutanın bu növünə olan marağı daha da artır. Son dövrlərdə müxtəlif ölkələrin mərkəzi bankları kriptovalyutalara daha ciddi yanaşmağa başlayıb. Bir neçə ölkədə kriptovalyuta investisiyasına rəsmi olaraq başlanılıb. Bu kontekstdən yanaşdıqda növbəti 10 illiklər ərzində böyük ehtimallarla ticarət dövriyyəsi, vəsaitlərin köçürülməsi istiqamətində kriptovalyutaların payı sürətlə artmağa başlayacaq. Bu da davamlı olaraq bazarda qiymət dəyişmələrinə gətirib çıxaracaq. Hazırda ciddi risklər mövcuddur. Ən çox tanınan kriptovalyuta növü olan Bitkoinin qiymətinin kəskin dəyişməsi məhz bu risklərdən qaynaqlanır. Çünki valyutanın bu növünün arxasında hər hansı iqtisadiyyat və ya qüvvə dayanmır. Eyni zamanda, hüquqi təminat yoxdur. Əksər hallarda Bitkoinin cinayətkar qrupların əlində alətə çevrilməsi ilə bağlı risklərin olması dünya banklarının bu istiqamətdə tənzimləmə mexanizmlərini təkmilləşdirməsi və daha mühafizəkar mövqedən çıxış etməsinə gətirib çıxarır. Nəticədə qiymətlər tez-tez qalxıb-enir. İndiki şərtlər daxilində Bitkoinin qiyməti onun real dəyərini əks etdirmir. Dövriyyə dəyişsə və hüquqi tənzimlənmə istiqamətində effektiv mexanizmlər formalaşdırılsa, kriptovalyutalar bazarda özünə etibarlı və dayanıqlı mövqe tapa bilər. Bu isə valyutanın bu növünə marağı daha da artırmaqla, tədavüldə həcminin artmasına gətirib çıxara bilər. Əslində bazar elə də böyük deyil. Yəni təxminən 250 milyon ABŞ dolları dəyərində dövriyyədən söhbət gedir. Hər hansı qlobal oyunçunun kriptovalyutaların alışına və satışına başlaması da qiymətlərə təsir göstərir. Bir sıra hökumətlərin səsləndirdiyi fikirlər qiymətləri birbaşa olaraq öz təsiri altına ala bilir. ABŞ-la İran arasında müəyyən təhlükələrin ortaya çıxması ilə yeni risklər formalaşıb. Belə bir dövrdə alternativ maliyyə alətlərinə yönəlmələr artır. Kriptovalyutalara olan tələb artır və bu da qiymətləri artıran məqamlardandır. Bəzi ölkələr ödəniş sistemlərinin xidmətlərindən tam olaraq yararlana bilmir. Buna görə də alternativlərdən istifadəyə üstünlük verirlər. Bu özü də bazarda tələbi artırır. Kriptovalyutalarla bağlı pozitiv açıqlamaların səsləndirilməsi valyutanın bu növünün dəyərinin yüksəlməsinə səbəb olur".

İT üzrə mütəxəssis Şaiq Muradov deyir ki, Bitkoinə investisiya kimi yanaşılır: "Kriptovalyutalar əslində alternativ valyutadır. Bizdə kriptovalyuta deyildikdə, yalnız Bitkoin nəzərdə tutulur. Amma əslində kriptovalyutanın bir çox növləri var. Bu valyuta növünün üzərində dayandığı Blokçeyn sistemi gələcək üçün alternativ formalaşdırır. Bitkoin olmasa da, gələcəkdə bu texnologiya üzərində alternativ kriptovalyutalardan geniş istifadə olunacaq. Hələlik Bitkoinə investisiya kimi yanaşılır. Əksəriyyət Bitkoin alır və qiymətlər qalxdığı zaman satışa çıxarır. Tələb və təklif çox olduqca, yaxud məşhur bir şirkət öz portfoliosuna Bitkoin əlavə etdiyi zaman qiymətlər sürətlə artır. Bundan imtina edildiyi vaxt  isə qiymətlər yenidən aşağı düşür. Bitkoinin dəyərdən düşməsinin əsas səbəblərindən biri bir sıra ölkələrdə qadağa qoyulması idi. İndiki halda qiymətlər haqqında proqnoz vermək çox çətindir. Çünki qiymət dəyişmələri böyük oyunçuların daha çox xeyrinədir".